AZ

İranın kölgə ticarəti çökür? Vaşinqton neft faktorundan psixoloji silah kimi istifadə edir

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırkı mərhələdə daha real görünən ssenari İranın tam kapitulyasiyası deyil, gərginliyin müəyyən diplomatik kanallar vasitəsilə dondurulmasıdır.”Demokrat.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Amid Əliyev bildirib.Politoloq ABŞ-nin neft satışını çökdürməklə İranı çıxılmaz vəziyyətə salması, Hörmüz boğazının açılması və sülh sazişi üçün rəsmi Tehranın qarşısına qoyulan şərtləri geniş şərh edib:“İranın neft saxlama bazalarının dolduğu və ixrac imkanlarının məhdudlaşdığı barədə iddialar son günlərdə xüsusilə ABŞ siyasi dairələri və Qərb analitik platformalarında daha intensiv səsləndirilir. Bu iddiaların arxasında həm iqtisadi reallıq, həm də psixoloji-siyasi təzyiq elementi dayanır. Məsələyə emosional yanaşaraq “İran çökür” və ya “İran təslim olur” kimi deyil, geosiyasi iqtisadiyyat prizmasından baxmaq daha doğrudur. Prosesi bir neçə aspektdən qiymətləndirmək olar:Birincisi, İran iqtisadiyyatının əsas sütunu enerji ixracıdır. Tehran uzun illərdir ABŞ sanksiyalarına rəğmən “kölgə neft ticarəti” modeli quraraq, xüsusilə Çin bazarına müxtəlif yollarla neft çıxarmağı bacarıb. Lakin hərbi gərginlik artdıqca sığorta, tanker logistikası, ödəniş sistemləri və liman təhlükəsizliyi risk altına düşür. Bu isə gündəlik ixrac həcmini azaltmaqla yanaşı, hasil edilən neftin saxlanma problemini də kritikləşdirir.Əgər saxlama tutumları həqiqətən kritik həddə çatırsa, Tehran iki seçim qarşısında qala bilər: Hasilatı kəskin azaltmaq, Siyasi-hərbi gərginliyi aşağı salmaqla ixrac marşrutlarını qorumaq.Politoloq qeyd edib ki, ABŞ rəsmilərinin İranın bilavasitə onların diktəsi ilə sülhə razılaşacağı barədə yaydığı xəbərlər həm təzyiq vasitəsi, həm də daxili auditoriyaya hesablanmış addımdır:“Əsas məqam odur ki, neft İran üçün sadəcə iqtisadi resurs deyil, dövlətin sosial dayanıqlığının maliyyə təməlidir. Çünki ölkə daxilindəki subsidiyalar, maaşlar, təhlükəsizlik aparatı və regional proksi şəbəkələrin böyük hissəsi məhz enerji gəlirlərindən maliyyələşir. Neft gəlirlərində ciddi daralma uzun müddət davam edərsə, bu, iqtisadi böhranı daxili siyasi sabitlik probleminə çevirə bilər.Bununla belə, “İran yaxın günlərdə ABŞ diktəsi ilə sülhə gedəcək” tezisi bir qədər şişirdilmiş görünür. İran siyasi sistemi tarixən iqtisadi çətinliklərə yüksək müqavimət göstərən təhlükəsizlik dövləti modelinə əsaslanır. “Əsirlər böhranı”ndan başlayaraq nüvə proqramı və “maksimum təzyiq” mərhələlərinə qədər Tehran ağır sanksiyalar altında geri çəkilmək əvəzinə, hər zaman zaman qazanmağa çalışıb. Bu səbəbdən İranın davranışı “tam təslimiyyət” deyil, “nəzarətli eskalasiya və məhdud kompromis” modeli üzərində qurulur. ABŞ isə neft faktorundan strateji-psixoloji vasitə kimi istifadə edir. Vaşinqtonun məqsədi hərbi işğaldan daha çox, İran rəhbərliyinə regional qarşıdurmanın iqtisadi dözümlülük limitini bitirə biləcəyi mesajını verməkdir. Burada klassik hərbi məğlubiyyət strategiyasından çox, “iqtisadi boğma” və idarə olunan təzyiq konsepsiyası müşahidə olunur.”A. Əliyev vurğulayıb ki, Trampın İranı küncə sıxışdırmaq üçün istifadə etdiyi təzyiq alətləri həm də Vaşinqtonun özü üçün risklər yaradır:“ABŞ üçün də bu paradiqmadakı risklər az deyil. İranın neft ixracının tam dayanması qlobal enerji bazarında qiymət şoklarına səbəb ola bilər. Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji axını dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Tehran dəfələrlə nümayiş etdirib ki, çıxılmaz vəziyyətdə qaldıqda “regional təhlükəsizlik” kartını aktivləşdirə bilər. Bu isə Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır.Hazırkı mərhələdə daha real ssenari İranın tam kapitulyasiyası deyil, gərginliyin diplomatik kanallarla dondurulmasıdır. ABŞ neft və maliyyə təzyiqi ilə Tehranın strateji hərəkət imkanlarını minimuma endirməyə, İran isə siyasi nüfuzunu qoruyaraq iqtisadi zərərlə masada qalmağa çalışır. Bu qarşıdurmada əsas mübarizə artıq silahlardan çox enerji axınları, loqistika marşrutları, maliyyə dözümlülüyü və psixoloji üstünlük müstəvisində gedir.”Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr