AZ

Bakı trafikinin azaldılması istiqamətində yeni mərhələ - ŞƏRH

“Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və şəhər mərkəzində nəqliyyat yüklənməsinin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb. Belə ki, 2026-cı il mayın 8-dən etibarən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib”

Dərnəgül dəmiryol dayanacağı-nın istifadəyə verilməsi paytaxtın nəqliyyat infrastrukturunda son illərin ən mühüm addımlarından biri kimi qiymətləndirilir. Yeni dayanacaq xüsusilə Bakıətrafı ərazilərdən şəhər mərkəzinə yönələn gündəlik sərnişin axınının bir hissəsinin relsli nəqliyyata yönləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Ekspertlərin fikrincə, Bakı şəhərində əsas problemlərdən biri səhər və axşam pik saatlarında mərkəzi küçə və prospektlərdə yaranan intensiv avtomobil sıxlığıdır. Dərnəgül istiqamətində dəmiryol dayanacağının açılması isə metro, avtobus və şəhərətrafı qatar xətlərinin inteqrasiyasını gücləndirərək alternativ nəqliyyat imkanlarını artırır. Bu da həm vaxt itkisini, həm də yanacaq sərfiyyatını azaltmağa imkan verə bilər.

Yeni dayanacağın fəaliyyətə başlaması xüsusilə Sumqayıt, Xırdalan və Abşeron istiqamətindən gələn sərnişinlər üçün əlavə rahatlıq yaradır. Belə ki, paytaxtın mərkəzinə şəxsi avtomobillə daxil olmaq əvəzinə, sərnişinlərin bir hissəsi şəhərətrafı qatar və ictimai nəqliyyatdan istifadəyə üstünlük verə bilər. Bu tendensiya uzunmüddətli perspektivdə Bakı yollarında nəqliyyat yükünün azalmasına təsir göstərə bilər.

Digər tərəfdən, layihə ətraf ərazilərin iqtisadi aktivliyinə də müsbət təsir edə bilər. Nəqliyyat əlçatanlığının artması ərazidə kommersiya obyektlərinə, xidmət sektoruna və daşınmaz əmlak bazarına marağı yüksəldə bilər. Dünya praktikasında yeni relsli nəqliyyat qovşaqları ətrafında iqtisadi canlanmanın baş verməsi tez-tez müşahidə olunur.

Mütəxəssislər hesab edir ki, Bakıda dayanıqlı nəqliyyat modelinin formalaşdırılması üçün relsli nəqliyyatın genişləndirilməsi vacibdir. Dərnəgül dayanacağı bu strategiyanın tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə multimodal nəqliyyat sisteminin inkişafı üçün də baza rolunu oynaya bilər.

Nuray, Aznews.az

Seçilən
22
aznews.az

1Mənbələr