Üstündən 4 gün keçsə də, İrəvanın ev sahibliyi etdiyi “Avropa Siyasi Birliyi”nin 8-ci Sammiti hökumət və media dairələrində “tarixi diplomatik təntənə” kimi vəsf olunur. Ermənistanın, guya, nəhayət, Rusiyanın təsir orbitindən çıxması, “yeni Avropa arxitekturası”nın bir hissəsinə çevrilməsi tezisləri gündəmdən çıxmaq bilmir. Belə irimiqyaslı siyasi tədbirlərin keçirilməsini İrəvanın beynəlxalq səviyyədə tanınması, ölkə üçün az qala “geosiyasi dönüş anı” kimi təqdim edilir. Amma “Zirvə”lərin zahiri bər-bəzəyinin arxasından maraqlı olduğu qədər də real mənzərə boylanır. Həmin reallığın atributları Ermənistanın müstəqilliyinin təsdiqindən daha çox ölkənin yenidən xarici güc mərkəzləri arasında mübarizə meydanına çevrildiyinin növbəti isbatıdır. İrəvan “suveren seçim”dən nə qədər ucadan danışırsa, köhnə problem bir o qədər kəskin şəkildə özünü büruzə verir. Bu, Ermənistan dövlətinin xarici himayədarsız mövcud ola bilməməsi problemidir.
Problemin mahiyyətində bu kiçik dövlətin “böyük güc”dən asılılığının klassik quruluşu dayanır. Həm bu, həm də ASB-nin İrəvan sammitində səslənən fikirlərə, eləcə də 2026-cı ilin aprelinin Azərbaycan diplomatiyası üçün yaddaqalan hadisələrlə zəngin ay olması ilə bağlı məsələlərə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov yerli media seqmentinə verdiyi müsahibəsində aydınlıq gətirir.
– Rasim müəllim, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən səkkizinci sammiti sizin üçün nə ilə yadda qaldı?
– Hər halda, birmənalı deyə bilərik ki, sammit iştirakçıları İrəvana Ermənistan–Azərbaycan münasibətlərini müzakirə etmək üçün toplaşmamışdılar. Məhz bu baxımdan deyə bilərik ki, sammit qarşıdakı parlament seçkilərində Nikol Paşinyana dəstək məqsədini daşıyırdı. Bundan çıxış edərək onu da əminliklə nəzərə çatdırım ki, İrəvan Zirvə görüşü nə regional və qlobal problemlərin ciddi siyasi müzakirəsi, nə də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Paşinyana dəstək aksiyası kimi “Avropa Siyasi Birliyi”nin müasir tarixində heç bir iz buraxmayacaq. İndi gözləyək görək, Avropa siyasiləri sammitin tribunasından dediklərini, heç olmasa, Ermənistan kontekstində, maddiləşdirməyi bacaracaqlarmı?
– Bəli, hamıya məlum idi ki, Birliyin bu cür yarımformat sammitinin təşkili və keçirilməsi Makronun ideyası olub və o, İrəvan müzakirələrində özünü “əsərin qəhrəmanı” kimi aparırdı. Çıxışlarında isə Ermənistanın Rusiyadan uzaqlaşdığı, Avropanı seçdiyi barədə danışırdı. Bu barədə nə deyə bilərsiniz?
– Makron böyük planlardan, yüksək dəyərlərdən danışmağı çox xoşlayır. Bəs reallıq nə deyir? Reallıq ondan ibarətdir ki, Azərbaycanın Türkiyənin timsalında strateji müttəfiqi var. Biz artıq bu müttəfiqliyin maddiləşdirilmiş aspektlərini əyani şəkildə göstərə bilərik. Mən bunu deyəndə həm ortaq neft-qaz kəmərlərini, həm də qarşılıqlı investisiya layihələrini nəzərdə tuturam. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollar, qardaş ölkə də ölkəmizdə müxtəlif sahələrə 18 milyard dollara yaxın sərmayə qoyub. Hərbi sahədə əməkdaşlığa gəldikdə isə, ikitərəfli layihələrin həcmi Ermənistanın Fransa ilə imzaladığı hərbi-texniki sazişlərində nəzərdə tutulan maliyyədən on dəfələrlə çoxdur. Tutaq ki, onlar İrəvanda ikitərəfli əməkdaşlığa dair növbəti kağızı imzaladılar, nə olsun? Fransa Ermənistanın xarici ticarət partnyorları içərisində heç ilk “beşlik”də yer almır. İrəvanın Tehranla ticarət mübadiləsinin həcmi Fransa ilə ticarətindən qat-qat çoxdur. Əsl reallıq bundan ibarətdir. Baxmayaraq ki, Makron çıxışlarında pafosla dərin münasibətlərdən, əməkdaşlıqdan danışır, Paşinyan isə ona “züy tuturdu”. Aydın məsələdir ki, seçki ərəfəsində bu təmaslar, çıxışlar Paşinyan üçün olduqca vacibdir. İkitərəfli strateji əməkdaşlıq müqaviləsi, təhlükəsizlik vədləri və sair öz yerində qalsın, real ölçüdə isə, təkrar edirə, İrəvan – Paris əlaqələrini Bakının Ankara ilə bütün sahələr üzrə sıx əməkdaşlığını müqayisə etmək mümkün deyil.
– “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində başqa bir tədbir – Avropa İttifaqı–Ermənistan sammiti keçirildi və Birgə Bəyannamə imzalandı. Həmin sənəddə Avropa institutunun Paşinyanın “Sülh kəsişməsi”, eləcə də TRIPP layihəsinə dəstəyindən də bəhs edilir. Müqayisəyə gəlməyən bu iki ifadənin yanaşı işlədilməsi nədən xəbər verir?
– TRIPP marşrutunu yönləndirən və idarə edən Birləşmiş Ştatlardır və Vaşinqton bu məqsədlə artıq 140 milyon dollar vəsait ayırıb. Əgər onlar TRIPP-i, sadəcə, bərpa ediləcək dəmir yolu, yüksək buraxıcılıq qabiliyyətinə malik nəqliyyat qovşağı kimi deyil, gələcəkdə həm Naxçıvanı, həm də qismən Ermənistanı “mavi yanacaq”la təmin edən qaz boru xəttinin çəkilişini də nəzərdə tuturlarsa, bu, başqa məsələdir. Onu da istisna etmək olmaz ki, əgər bu marşrutdan, misal üçün, Türkmənistanın böyük həcmdə qazının Azərbaycandan və Türkiyədən keçməklə Avropaya nəqli baş verərsə, təbii ki, bu zaman yeni boru kəmərinə ehtiyac yaranacaq. Əlbəttə, bu, bizim istəyimizdən asılı olan məsələ deyil. Əgər Mərkəzi Asiyadan qaz Azərbaycandan tranzitlə nəql olunarsa, bu, Türkmənistan – Avropa İttifaqı layihəsi adlanacaq. Yalnız bu halda Avropa İttifaqı TRIPP layihəsində dediyimiz, yaxud digər formada iştirak edə bilər. Bilirsiniz əsas sual nədən ibarətdir? Sual odur ki, Ermənistanın dəmir yolu şəbəkəsini hələ də Rusiya Dəmir Yolu Şirkəti idarə edir. Bu şirkət isə Avroparlamentin sanksiyaları altındadır. Paşinyanın ortaya atdığı həmin “Sülh kəsişməsi” ideyası isə Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla dəmir yolu infrastrukturunun bərpasını və təzələnməsini tələb edir. Avropa İttifaqı bu yol qovşaqlarının bərpasına maliyyə vəsaiti ayıra bilərmi? Ən böyük sual budur. Bu zaman Avropa İttifaqı Naxçıvan dəmir yolunun işlək hala gətirilməsi üçün də maliyyə vəsaiti ayırmalı olacaq. Yalnız bu variantda birlik TRIPP layihəsinin reallaşmasında iştirak edə bilər.
– Aprel diplomatik cəbhədə Azərbaycan üçün çox zəngin və əhatəli ay oldu. Yüksək səviyyəli qəbullar, görüşlər, tədbirlər və bir sıra xarici ölkələrin dövlət və hökumət başçılarının, o cümlədən Şimali avropalıların səfərləri. Bu müstəvidə Baltikyanı ölkələrin Azərbaycana meyillənməsi maraq doğurur. Siz bunun səbəbini nədə görürsünüz?
– Azərbaycanın enerji resurslarının Baltikyanı ölkələrə çatdırılması dolayısı ilə mümkün ola bilər. Zənnimcə, onları maraqlandıran, misal üçün, Neft Fondumuzda böyük miqdarda toplanmış ehtiyatlardır. Bəli, Azərbaycan bu ehtiyatları ən etibarlı ünvanlara yönəltmək, yerləşdirmək barədə düşünür. Aydın məsələdir ki, Baltikyanı respublikaların rəhbərliyi bu vəsaiti investisiya formasında öz iqtisadiyyatlarına cəlb etmək istəyirlər. Vaxt var idi ki, həm Baltikyanı, həm də Şərqi Avropa ölkələrinin büdcələrinin 40-45 faizini Avropa İttifaqının köməyi ilə formalaşırdı. Bu mərhələ artıq başa çatıb. İndi onlar illərlə yaratdıqları sosial infrastrukturu saxlamaqdan ötrü kənarda maliyyə təminatı axtarırlar. Əgər təqdim etdikləri layihələr Bakı üçün cəlbedici və faydalı olarsa, əlbəttə, qarşılıqlı münasibətləri bu istiqamətdə də inkişaf etdirmək mümkündür. Niyə də olmasın?
İmran BƏDİRXANLI
XQ