Azərbaycanda qohum evliliklərinə tətbiq edilən qadağaları aşmaq məqsədilə bəzi şəxslərin formal şəkildə valideynlikdən imtina etməsi ilə bağlı müzakirələr gündəmdədir.
Bəs belə addım hüquqi baxımdan mümkün hesab olunurmu və qanunvericilikdə buna görə məsuliyyət nəzərdə tutulmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyində “övladdan imtina” anlayışı praktik olaraq mövcud deyil:

“Ümumiyyətlə, valideynin övladından imtina etməsi anlayışı demək olar ki, yoxdur. Sadəcə burada məsələ ondan ibarətdir ki, qohumluq əlaqələri elektron informasiya sistemləri vasitəsilə müəyyən olunur. Atalıq faktı şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə olan məlumatlar əsasında təsbit olunur. Şəxs atalığından formal şəkildə imtina etsə belə, həmin məlumatlar sistemdə qalacaqsa, qohumluq əlaqələri yenə də görünəcək”.
Hüquqşünasın sözlərinə görə, nikah zamanı tərəflər arasında qohumluq əlaqələrinin olub-olmaması dövlət reyestrləri əsasında yoxlanılır və bu səbəbdən formal addımlarla qanuni məhdudiyyətləri aradan qaldırmaq mümkün deyil.
“Əgər qanunun tələbləri saxta sənədləşmə və ya yanlış məlumat təqdim edilməsi halları ilə pozularsa, həmin əməllər ayrıca hüquqi məsuliyyət yarada bilər. Bu isə inzibati və ya cinayət məsuliyyəti çərçivəsində qiymətləndiriləcək.
Mövzu cəmiyyətdə həm hüquqi, həm də etik müstəvidə geniş müzakirələr doğurur. Mütəxəssis hesab edir ki, qohum nikahları ilə bağlı məhdudiyyətlərin əsas məqsədi gələcək nəsillərdə yarana biləcək genetik risklərin qarşısını almaqdır və bu səbəbdən qanunvericiliyin formal yollarla aşılmasına cəhdlər hüquqi baxımdan perspektivli görünmür.
Aynurə İsmayıl
KONKRET.az