AZ

Zahid Oruc: “Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir”

“Son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur. Statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir. Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər  22, 7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin müzakirəsinə təqdim olunan 2025-ci il üzrə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordantorun illik Məlumat”ının əsas nəticələri üzərində təhlillərdən danışarkən deyib.

 

Komitə sədri bildirib ki, 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub: “2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir. 2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Əldə olunan nəticələr, Daxili işlər orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi  tədbirlərin əməli nəticələri sayıla bilər. Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir. Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın, təxminən, 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir. Cinayətkarların strukturu da diqqətçəkəndir. 2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun,  cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir”.

 

Z.Oruc deyib ki,  2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib:

 

“Konkret olaraq, “152” qaynar xəttinə daxil olan müraciətlərin sayı da diqqətəlayiqdir. 2025-ci ildə edilən 10.490 müraciətin əvvəlki illə müqayisədə artması  bir tərəfdən risklərin mövcudluğunu, digər yandan isə vətəndaşların məlumatlılıq səviyyəsinin də yüksəldiyini göstərir. Uşaq əməyinin istismarı ilə bağlı aparılan reydlər zamanı isə 936 uşaq risk qrupunda müəyyən edilib, 511 valideynlə bağlı tədbirlər görülüb. Eyni zamanda uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir. 2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Əldə olunan nəticələr, Daxili işlər orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi  tədbirlərin əməli nəticələri sayıla bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 8 May 2026, 12:09   
Seçilən
72
pravda.az

1Mənbələr