ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məxfi hesabatı beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, hesabatda İranın hərbi və iqtisadi imkanları ilə bağlı yayılan bəzi açıqlamaların reallığı tam əks etdirmədiyi iddia edilir.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın raket gücünün böyük hissəsinin məhv edildiyini və ölkənin əvvəlki potensialının cəmi 18-19 faizinin qaldığını bildirmişdi. Lakin Mərkəzi Kəşfiyyat İdarəsinin daxili analizində fərqli nəticələr yer alıb.
“The Washington Post”un yaydığı məlumatda qeyd olunur ki, İranın müharibədən əvvəl malik olduğu mobil raket qurğularının təxminən 75 faizi, raket ehtiyatlarının isə 70 faizi hələ də qalır. Hesabatda, həmçinin İranın bəzi yeraltı hərbi obyektlərini yenidən aktivləşdirdiyi və yeni raketlərin istehsalını davam etdirdiyi vurğulanır.
CIA analizinə əsasən, İran ABŞ blokadasına baxmayaraq bir neçə ay iqtisadi təzyiqə davam gətirə bilər. Bildirilir ki, Tehran neft ehtiyatlarını tanker gəmilərində saxlayır və alternativ ixrac yolları üzərində işləyir.
Hesabat ABŞ mediasında və siyasi dairələrdə ciddi müzakirələr doğurub. Bir sıra ekspertlər Vaşinqtonun İranla bağlı ictimai açıqlamaları ilə kəşfiyyat məlumatları arasında fərq olduğunu bildirirlər.
Musavat.com