AZ

Fransada uşaqları əllərindən alınan ailə övladlarına qovuşdu

Fransada uşaqları əllərindən alınan azərbaycanlı ailə aylar sonra övladlarına qovuşub. Məhəmməd Quliyev və Gültac Abdullayeva Almaniya məhkəməsinin qərarından sonra iki övladını geri aldıqlarını açıqlayıblar.

Musavat.com xəbər verir ki, valideynlər bu müddət ərzində son dərəcə ağır psixoloji gərginlik yaşadıqlarını bildiriblər.

Onların sözlərinə görə, aylarla davam edən məhkəmə prosesləri, qeyri-müəyyənlik və hüquqi prosedurlar ailəni ciddi sınaq qarşısında qoyub.

“Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”, - Gültac Abdullayeva bildirib.

Qeyd edək ki, hadisə ötən il Paris hava limanında baş vermişdi. Azərbaycanlı ailə ölkəyə qayıtmağa hazırlaşarkən Fransa polisi tərəfindən saxlanılmış, azyaşlı uşaqlar isə müvəqqəti sığınacağa yerləşdirilmişdi. Məsələnin Almaniya məhkəməsinin qəyyumluqla bağlı qərarı əsasında həyata keçirildiyi bildirilirdi.

Valideynlərin sözlərinə görə, aparılan araşdırmalar zamanı uşaqlara qarşı zorakılıq iddiaları təsdiqini tapmayıb. Bundan sonra məhkəmə uşaqların ailəyə qaytarılması barədə qərar verib.

Gültac Abdullayeva proses boyunca onlara hüquqi və mənəvi dəstək göstərən şəxslərə təşəkkür edib. O, xüsusilə işdə iştirak edən hüquqşünasların və Azərbaycan ictimaiyyətinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyi, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi prosesə cəlb olunmuşdu. Hadisə ötən aylarda həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə geniş rezonans doğurmuşdu.

aile9.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr