AZ

Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir

Gəncə, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Kitabxana və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Böyük zəfərin memarı” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin iqtisadi və sosial inkişafı, xüsusilə təhsil və sənaye sahələrinin formalaşdırılması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.

Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, Azərbaycanın müstəqilliyinin qorunması və qüdrətli dövlət kimi inkişafının təmin olunması dayanıb.

Daha sonra İnformasiya texnologiyaları kafedrasının müdiri Zakir Hüseynov, İctimai fənlər kafedrasının baş müəllimi Türkan Əhmədova və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Kamil Məmişov çıxış edərək Ümummilli Liderin zəngin siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyevin ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Müxbir - Elcan Məmmədov

Seçilən
24
1
azertag.az

2Mənbələr