"Çinin iki keçmiş müdafiə naziri, general-leytenantlar Li Şanfu və Vey Fenqenin korrupsiyaya görə edam cəzasına məhkum edilməsi xəbəri Qərb mətbuatında böyük əks-səda doğurub".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, buna səbəb odur ki, Pekin indiyənə qədər müdafiə nazirlərinin hansı səbəbdən işdən uzaqlaşdırılmalarını açıqlamırdı:
"Halbuki, Qərb mətbuatına sızan məlumatlara görə, hər iki nazirin korrupsiya ilə əlaqəli həbs olunduğu yazılırdı, bu ilk dəfə dünən təsdiq olundu. Bu məlumat uzun müddət gizli saxlanılıb. Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenqe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıb. Li Şanfu sonuncu dəfə Rusiya və Belarusda səfərdə olmuş, Pekinə qayıtdıqdan sonra yoxa çıxmışdı. Sabiq müdafiə nazirləri 2024-cü ildə hərbi statuslarından məhrum ediliblər. Keçmiş nazirləri eyni zamanda Çin Kommunist Partiyasından xaric ediliblər".
Elxan Şahinoğlunun sözlərinə görə generalların ölüm hökmünün ömürlük həbs müddəti ilə əvəz edilməsi də istisna olunmur:
"Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur. İki il əvvəl Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 generalın həbsi barədə qeyri-rəsmi məlumatlar yayılmışdı. Böyük ehtimalla onlar da korrupsiya əməllərinə görə həbs olunublar".
Politoloq onu da vurğulayıb ki, Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra ölkədə korrpusiyaya qarşı mübarizəni gücləndirib:
"Məsələ burasındadır ki, Çinin iqtisadi və maliyyə imkanları artıqca dövlət məmurları arasında rüşvətə meyllilik artıb. Eyni zamanda Çinin hərbi büdcəsi artdıqca yüksək rütbəli generallar arasında da korrupsiya yolu ilə varlanmaq istəyənlərin sayı artıb. Si Cinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Maraqlıdır ki, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib. Si Cinpinin yüksək rütbəli generallar arasında korrupsiya əməllərinə görə həbslərin həyata keçirilməsinə baxmayaraq, dövlət büdcəsi hesabına varlanmaq istəyənlərin sayı azalmır".
Xalidə Gəray
Musavat.com