Azertag saytına istinadən ain.az xəbər verir.
Paris, 8 may, AZƏRTAC
Dünya güclü istilərlə üzləşə bilər. Yaxın aylarda formalaşacağı ehtimal edilən təbii iqlim hadisəsi “El Nino”nun gələn il qlobal temperaturun rekord həddə yüksəlməsinə səbəb olması mümkündür.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Avropanın “Kopernik” müşahidə sisteminin klimatoloqu Samanta Börjes xəbərdarlıq edib.
O, bildirib ki, 2027-ci ilin 2024-cü ili geridə qoyaraq tarixdə qeydə alınan ən isti il olması ehtimalı yüksəkdir.
Eyni zamanda, vurğulanıb ki, dünya okeanlarında may ayı üzrə temperatur rekordları yaxınlaşır. Qütb bölgələri istisna olmaqla, dəniz səthinin orta temperaturu aprel ayında 2024-cü ilin mütləq rekorduna çox yaxınlaşıb.
Qeyd edək ki, hazırda rekord səviyyəli dəniz istilik dalğaları Sakit okeanın ekvatorial mərkəzindən Amerika Birləşmiş Ştatları və Meksikanın qərb sahillərinə qədər uzanan geniş ərazini əhatə edir. “El Nino” Sakit okeanda baş verən təbii iqlim dövrünün mərhələlərindən biridir. Bu hadisə, adətən, yaz aylarında başlayır və sonrakı aylarda temperaturu, küləkləri və ümumilikdə qlobal iqlimi tədricən dəyişdirir. Bu, bəzi regionlarda quraqlığa, digər yerlərdə isə güclü yağışlara səbəb olur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.