"Bridgewater Associates" şirkətinin qurucusu, məşhur ABŞ-lı milyarder investor Ray Dalio bildirib ki, böyük büdcə kəsirləri, artan gəlir bərabərsizliyi və sol-sağ siyasi bölünmələr ABŞ-ı illərlə davam edəcək bir qarışıqlığa sürükləyəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni bir geosiyasi sistem və süni intellektin yaradacağı problemlər və pozuntuların da bu qarışıqlığa töhfə verəcəyini sözlərinə əlavə edib.
Dalio, "The New York Times"a verdiyi müsahibədə bildirib: “Qarşıdakı beş il ərzində bütün bu faktorların birləşməsilə ilə böyük dəyişikliklər yaşanacaq. Çox fərqli olacaq və böyük bir dəyişiklik və böyük bir çalxalanma (təlatüm) dövrü olacaq”.
ABŞ-ın sosial və siyasi sisteminin risk altında olduğunu və zorakılıq potensialından narahat olduğunu qeyd edən Dalio deyib: “Aralıq seçkilərə doğru gedirik və məncə Respublikaçılar böyük ehtimalla Nümayəndələr Palatasını itirəcəklər. Məncə o nöqtədən etibarən, xüsusilə həmin seçki ilə 2028-ci ildə keçiriləcək prezident seçkiləri arasında siyasi və sosial münaqişələrin intensivləşdiyini görəcəyik”.
Beynəlxalq səviyyədə artıq qaydalara əsaslanan bir nizamın qalmadığını və ABŞ-İran müharibəsinin nəticəsinin “demək olar ki, qara-ağ şəkildə, Hörmüz Boğazını kimin nəzarətdə saxlayacağı və nüvə materiallarını kimin idarə edəcəyi” kimi müəyyən edilə biləcəyini deyib.
İnvestorların portfellərinin yaxşı şaxələndirilmiş quruluşa malik olması və bunun 5-15 faizinin qızıldan ibarət olması lazım olduğunu bildirən Dalio deyib: “Tarixə baxdıqda, bu dövrlərin hamısında pul vahidlərinin dəyər itirdiyini, qızılın isə dəyər qazandığını görürük”. (Marja)