AZ

Bakı nefti və Azərbaycan neftçilərinin fədakar əməyi qələbənin qazanılmasında həlledici paya malik olmuşdur RƏY

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbənin növbəti ildönümü ərəfəsində Azərbaycanın bu zəfərdəki strateji rolu və müharibədən sonrakı dövrlərdə üzləşdiyi sistemli ədalətsizliklər yenidən aktual müzakirə mövzusuna çevrilir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Ağasəlim Həsənov deyib.

O bildirib ki, tarixi faktlar Bakı neftinin və Azərbaycan neftçilərinin fədakar əməyinin müharibənin gedişatında dövlətin və ordunun enerji ehtiyaclarının ödənilməsində və qələbənin qazanılmasında həlledici paya malik olduğunu birmənalı şəkildə təsdiqləyir. O dövrün ən çətin texniki şəraitində belə hasilatın fasiləsizliyini təmin edən qəhrəman azərbaycanlılar, faktiki olaraq müharibənin taleyini həll edən əsas iqtisadi gücü formalaşdırmışdılar. İqtisadi dəstəklə yanaşı, yüz minlərlə soydaşımız Sovet ordusu sıralarında döyüşərək böyük qəhrəmanlıq salnaməsi yazmış, onlarla azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və Berlinə qədər şərəfli döyüş yolu keçmişdi.

A.Həsənov bildirib ki, Azərbaycanın həm cəbhədə, həm də arxa cəbhədə göstərdiyi bu misilsiz xidmətlər müharibədən sonra mərkəzi hakimiyyətin Azərbaycana qarşı formalaşmış neqativ və ayrı-seçkilik siyasətini dəyişmədi, əksinə, qazanılan böyük qələbədən sonra xalqımız mənəvi və ərazi itkiləri ilə üzləşdi. “Azərbaycanın tarixi torpaqlarının müxtəlif bəhanələrlə Ermənistana verilməsi, yüz minlərlə soydaşımızın öz ata-baba torpaqlarından deportasiya edilməsi bu qeyri-humanist münasibətin ən ağır nəticələri idi. SSRİ rəhbərliyinin bu hərəkətləri faktiki olaraq müharibənin əsas yükünü çəkən bir xalqa verilən "mükafat" deyil, açıq-aşkar ögey münasibətin təzahürü idi. Bu zəncirvari ədalətsizliklər sonrakı onilliklərdə də davam edərək Qarabağ münaqişəsi zamanı kulminasiya nöqtəsinə çatdı.

Xalq və dövlət olaraq bu tarixi dərsləri unutmamalı, gənc nəsillərə qələbənin pərdəarxası reallıqlarını olduğu kimi çatdırmalıyıq”, - deyə Ağasəlim Həsənov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azertag.az

2Mənbələr