İşdən çıxarılan və bank krediti olan şəxslərə qanunvericiliklə ən azı 1 aylıq ödəniş güzəşti verilməsi məsələsi zaman-zaman müzakirə olunur. Xüsusilə, iqtisadi çətinliklər, iş yerlərinin bağlanması və gəlir itkisi fonunda vətəndaşları maraqlandıran əsas suallardan biri də budur: işsiz qalan şəxs kredit ödənişini gecikdirərsə, ona qanunla möhlət verilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı qanunvericilikdə borclular üçün məcburi güzəşt mexanizmi nəzərdə tutulmayıb:

“Qanunda ümumiyyətlə heç bir səbəbdən borcluya avtomatik möhlət və ya güzəşt hüququ nəzərdə tutulmur. Yəni şəxs işdən çıxarılsa belə, bu, kredit ödənişinin dayandırılması üçün hüquqi əsas hesab edilmir. Hər bir bank vəziyyəti özü qiymətləndirir və qərar verir ki, güzəşt etsin, yoxsa etməsin.
Bəzi hallarda banklar müştərinin maliyyə vəziyyətini nəzərə alaraq kredit tətili, müddətin uzadılması və ya aylıq ödənişin azaldılması kimi addımlar ata bilər. Lakin bu, qanunun tələbi deyil, bankın daxili siyasəti və təşəbbüsü əsasında həyata keçirilir”.
Əkrəm Həsənov qeyd edib ki, vətəndaş işsiz qaldıqda ilk növbədə bankla əlaqə saxlayaraq vəziyyətini rəsmi şəkildə izah etməli, mümkün restrukturizasiya variantları barədə danışıqlar aparmalıdır.
Hazırda isə kredit ödənişləri ilə bağlı güzəşt məsələsi tamamilə bankların qərarından asılı olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az