9 May- Faşizm üzərində Qələbə Günüdür. 1941–1945-ci illər müharibəsində alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük fədakarlıq göstərib.
Müharibə illərində 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, Azərbaycan neftçiləri isə orduya 75 milyon tondan artıq neft və neft məhsulları təqdim edərək qələbəyə mühüm töhfə veriblər.
Bəs hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından neçə nəfər sağdır? Həmçinin, onların sosial təminatı və dövlət tərəfindən göstərilən dəstək tədbirləri hansı səviyyədədir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə İkinci Dünya müharibəsinin 13 iştirakçısı var:
“İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.
Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Hər il 9 May - Qələbə Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sözügedən kateqoriyadan olan şəxslərə birdəfəlik yardım verilməsi barədə Sərəncam imzalanır”.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ildə də dövlət başçısının imzaladığı sərəncama əsasən İkinci Dünya müharibəsi iştirakçılarına 2750 manat məbləğində birdəfəlik maddi yardım ödənilib:
“Eyni zamanda, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və digər aidiyyəti kateqoriyalara 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bundan başqa, ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanların mənzil və avtomobillə təminatı da həyata keçirilib”.