Azərbaycan Respublikasında qiymətli metallardan və daşlardan hazırlanan zərgərlik məmulatlarına nəzarət gücləndirilir.
Artıq bu sahədə dövlət əyar nəzarətinin həyata keçirilməsi üçün yeni laboratoriya xidmətləri fəaliyyətə başlayıb. Sahibkarlar və istehlakçılar qızıl, gümüş və digər qiymətli materiallardan hazırlanan məmulatların qanunvericiliyə uyğun yoxlanılması, əyarının təyin olunması və rəsmi damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən atılıb. Məqsəd zərgərlik məhsullarının keyfiyyətinə nəzarəti artırmaq, həm istehlakçıların hüquqlarını qorumaq, həm də bazarda şəffaflığı təmin etməkdir.
Yeni laboratoriya xidmətləri çərçivəsində zərgərlik və digər məişət məmulatları ekspertizadan keçirilir, diaqnostika olunur, əyarı yoxlanılır və rəsmi qaydada damğalanır. Bu isə həm istehsalçıların, idxalçıların, həm də alıcıların maraqlarına xidmət edir.
Son illərə qədər zərgərlik bazarlarında alıcıların qarşılaşdığı əsas problemlərdən biri məhz saxtakarlıq halları olub. Bir çox vətəndaş müxtəlif satış məntəqələrində təqdim edilən qızıl məmulatlarının əyarı və tərkibi ilə bağlı aldadılma riskləri ilə üz-üzə qalıb.
Bu isə istehlakçıların həm maddi, həm də hüquqi baxımdan zərərə uğramasına səbəb olur. Mövcud qaydalara əsasən, saxtakarlıq aşkar edildikdə məhsulun dəyişdirilməsi və ya geri qaytarılması hər zaman mümkün olmur.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq zərgərlik məmulatlarının geri qaytarılması müəyyən hallarda məhdudlaşdırılır və bu da istehlakçıların hüquqlarının müdafiəsi baxımından əlavə çətinliklər yaradır.
Yeni mexanizmlərin tətbiqi ilə bazarda şəffaflığın artırılması, məhsulların əyar və tərkibinin daha dəqiq yoxlanılması hədəflənir. Bu istiqamətdə atılan addımlar zərgərlik bazarında mühüm dəyişikliklərə səbəb ola bilər.
Xüsusilə satıcıların saxta və aşağı əyarlı məhsulları dövriyyəyə çıxarmaqdan çəkinəcəyi gözlənilir. Bu isə bazarda ümumi təklif strukturunu dəyişdirə, eyni zamanda qiymətlərdə müəyyən artım tendensiyası formalaşdıra bilər.
Saxta və aşağı əyarlı qızılların bazardan çıxarılması real satış qiymətlərini dəyişəcəkmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, bu cür yeni texnologiyaların tətbiqi qiymətli metalların və ya daşların daha dəqiq əyarlarının müəyyənləşdirilməsinə təsir edir:

“Bu da həm istehlakçı hüquqlarının qorunması, həm də aşağı keyfiyyətli zərgərlik məmulatlarının və ya saxta qiymətli metalların, zərgərlik məmulatlarının satışının ciddi şəkildə qarşısının alınmasına kömək edir. Bəzi qızıl məmulatları orta bazar, hətta dünya bazarı qiymətlərindən də aşağı satılırdı. Bu da həmin qızılların keyfiyyətinə şübhə yaradırdı.
Sözsüz ki, həm istehlakçıların hüququnun qorunması, həm də ümumilikdə keyfiyyətin yüksəldilməsi baxımından bu cür məmulatların keyfiyyətinin yüksəldilməsi üçün bu cür texnoloji laboratoriyaların tətbiqi daha məqsədəuyğundur”.
O qeyd edib ki, bu, keyfiyyəti yüksəldir, bazarda həm də ciddi saxtakarlığın qarşısını almağa kömək olur:
“Qiymətli daşlar bazarında bəzi hallarda qızıldan başqa daşların müəyyənləşdirilməsində peşəkar yanaşmaya ehtiyac duyulur. Bəzən biz brilyant əvəzinə sirkon və ya süni brilyantlar kimi bu qəbildən olan daşların satışa çıxarıldığını müşahidə edirdik ki, bu da istehlakçı hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olurdu.
Əlbəttə ki, bu cür laboratoriyaların tətbiqi bu sahədə daha keyfiyyətli məhsulların satışa çıxarılmasına səbəb olacaq. Keyfiyyət və qiymət uzlaşmalıdır. Keyfiyyəti tam standartlara uyğun olan məhsulların qiyməti bazar qiymətlərinə və beynəlxalq qiymətlərə uyğunlaşdırılacaqdır.
Hesab edirəm ki, qiymət və keyfiyyət daha düzgün şəkildə formalaşacaq”.
Adının çəkilməyini istəməyən zərgər isə yeniliyi belə şərh edib:
“Etibar böhranı aradan qalxsa belə, xərclər artacaq. Bu da qızıl və gümüş məmulatlarında qiymət artımına səbəb olacaq. Qısacası, müştəri daha güvənli, lakin əvvəlki qiymətdən daha bahalı məhsul almış olacaq”.