AZ

Ağacların məhv edilməsi sürüşmə riskini artırır - Ekoloqdan XƏBƏRDARLIQ

Bildiyimiz kimi, ötən ay yağan intensiv yağışlardan sonra bir sıra bölgələrdə torpaq sürüşməsi halları daha da artıb. Cəmiyyət arasında belə bir fikir var ki, ağac əkilən ərazilərdə torpaq sürüşməsi daha az baş verir.

Bəs bu fikir nə dərəcədə doğrudur? Həqiqətən də ağaclar torpağın sürüşməsinin qarşısını ala bilərmi? Əgər belədirsə, sürüşmə riski yüksək olan ərazilərdə hansı növ ağacların və ya bitkilərin əkilməsi daha məqsədəuyğun hesab olunur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, son intensiv yağışlardan sonra Bakı şəhərinin bir çox yerlərində, eyni zamanda ölkənin şimal bölgələrində - Şəki, Qax, Oğuz, İsmayıllı, Qəbələ kimi rayonlarda sürüşmələr qeydə alınıb:

"Hətta əvvəllər sürüşmə müşahidə olunmayan Göyçay kimi rayonlarda da intensiv yağışlardan sonra müəyyən sürüşmələr baş verir. Bu da torpağın sürüşməsi, yerini dəyişməsi kimi hallarla müşayiət olunur. Xüsusilə Bakı şəhərində Yasamal, Səbail, Xətai, Binəqədi və digər rayonlarda müəyyən sürüşmələr qeydə alınıb. Burada əsas məsələlərdən biri ağacların əkilməsidir və bu, düzgün yanaşmadır. Çünki ağacların kökləri müəyyən qədər torpağın bərkidilməsini təmin edir. Köklər dərinə gedir və ya yayılır. Bu isə sürüşmə zamanı torpağın dayanıqlı qalmasına əsas köməklərdən biridir. Çox təəssüf ki, məsələn, Səbail rayonuna, Xətaidə sürüşən ərazilərə və digər yerlərə baxsaq, görərik ki, burada bir zamanlar həddindən artıq çox ağac əkilmişdi. Xüsusilə şam ağacları çox idi və onlar müəyyən qədər sürüşmənin qarşısını alırdı.

Fransız şəhərsalma modeli və insanların kütləvi şəkildə şəhərə miqrasiyası dövründə həmin ağaclıqların böyük hissəsi məhv edildi, yerində müxtəlif obyektlər, binalar və evlər tikildi. Nəticədə torpaqların sürüşməsi davam edir. Məsələn, Badamdarda, Badamdardan 20-ci sahəyə düşən ərazidə dəfələrlə sürüşmə hadisəsi baş verib. Burada ağaclıqlar olmadığından istənilən intensiv yağış zamanı bu cür sürüşmələr davamlı şəkildə təkrarlanır. Bu isə ölkə və dövlət üçün əlavə xərclər yaradır. Çox yaxşı olardı ki, həmin ərazilərdə yaşıllıqlar salınsın. Burada şam ağaclarından istifadə etmək olar. Şam ağacının müxtəlif növləri var. Hazırda Bakıda əsasən Eldar şamı əkilir. Bununla yanaşı, Bakı iqliminə uyğun digər ağacların əkilməsi də müəyyən qədər sürüşmələrin qarşısını ala bilər".

NURİYYƏ

Seçilən
22
1
redaktor.az

2Mənbələr