Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Binəqədi şosesi, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən “Bravo” marketin qarşısındakı parklanma ərazisi uzun müddətdir mübahisə mövzusuna çevrilib.
Bakupost.az -ın məlumatına görə, əvvəl səki olan bu yer sonradan dəyişdirilərək parklanma sahəsinə bənzədilib. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Nəticədə onlar avtomobillərini burada saxlayır, amma bir müddət sonra cərimə ilə üzləşirlər.

Narazı sürücülərdən biri bildirib ki, avtomobilini sözügedən ərazidə park etdikdən sonra “Bravo” marketdən alış-veriş edib. Daha sonra isə əraziyə quraşdırılmış kameralar vasitəsilə ona AR İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən (nəqliyyat vasitələrinin səkilərdə dayanma və durmasına görə) 2 cərimə balı və 60 manat cərimə tətbiq edildiyini görüb:
“Dövlət şəhərsalma norma və qaydalarına əsasən, səkinin piyada hissəsinin minimum eni 1,5 metr, maksimum isə 4,5 metr olmalıdır. Lakin bu ərazini ölçmüşəm və eni 8 metrdir. 8 metrlik sahə səki hesab oluna bilməz. Bu halda niyə mənə səkidə dayanma ilə bağlı cərimə yazılıb?”
Şikayətçi bildirir ki, məsələ ilə bağlı “Bravo” supermarketin müdiri ilə də danışıb. Onun sözlərinə görə, mağaza müdiri ona bu cərimələrdən xəbərdar olduqlarını və demək olar ki, hər gün bu səbəbdən ərazidə mübahisələr yarandığını deyib:
“Digər sürücülərə də xəbərdarlıq edirəm ki, burada avtomobil saxladıqdan sonra cərimə ilə üzləşə bilərlər. Bu ərazi icarədədirsə, niyə giriş bağlanmır və ya iri xəbərdaredici lövhə yerləşdirilmir?
Xalqın bu qədər haqqına girib büdcəni cərimələrlə doldurmayın. Vallah-billah, bu cərimələrdən artıq əsəblərimiz də pozulub. Hara qaçıb gedək bu cərimələrinizin əlindən?”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakupost.az-a bildirilib ki, sözügedən məsələ onların səlahiyyətinə aid deyil.
Qanunvericiliyə əsasən, şəhər ərazisində səkilərin vəziyyətinə nəzarət, onların normativ tələblərə uyğun təşkili və zəbt hallarının qarşısının alınması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxildir. Bu səbəbdən Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıqq. Qurumdan Bakupost.az-a bildirilib ki, ərazi ilə bağlı məsuliyyət AYNA-ya aiddir:
“Sözün həqiqi mənasında bu, AYNA-nın səlahiyyətinə daxildir. Əgər burada parklanma təşkil olunubsa, bu da həmin qurum tərəfindən həyata keçirilib” - deyə, mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən ərazi səki hesab olunur və burada nəqliyyat vasitələrinin dayanması və durması qanunla qadağandır:
“Tərəfimizdən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.
Belə ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.
Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.
Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik. Barəsində tərtib edilmiş protokolla razılaşmayan sürücü təbii ki, DYP İdarəsinə və ya məhkəməyə müraciət edə bilər”.
Beləcə, məsələyə aidiyyəti qurumların hamısından münasibət öyrəndik. Amma təəssüf ki, nəticə yenə eyni oldu: Məsuliyyəti heç kim boynuna almır.
Lalə Novruz, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.