Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan gün deyil. 8 May da məhz belə əlamətdar günlərdən biridir.Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən milyonlarla humanitar xidmət əməkdaşının, könüllünün və mərhəmət duyğusunu həyat amalına çevirən insanların — Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı əməkdaşlarının peşə bayramı və əlamətdar günüdür. Bu gün insan həyatına dəyər verməyin, çətin anlarda bir-birinə dayaq olmağın, ehtiyacı olan insanların yanında dayanmağın mənəvi mahiyyətini özündə yaşadan xüsusi bir gündür.Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması XIX əsrdə müharibənin ağır nəticələrini görən və yaralı insanların acı taleyindən sarsılan Anri Dünanın humanist düşüncələri ilə bağlıdır. Sonralar bu düşüncə dünyanın ən böyük humanitar hərəkatlarından birinə çevrildi. Onun humanist duyğuları zaman keçdikcə sərhədləri aşdı, müxtəlif xalqları və cəmiyyətləri bir amal ətrafında birləşdirdi, mərhəmətin və yardımın ümumbəşəri bir dəyər olduğunu bütün dünyaya nümayiş etdirdi.Bu hərəkatın əsas prinsipləri uzun illərdir ki, beynəlxalq humanitar fəaliyyətin iş prinsipi kimi qəbul olunur. Humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllülük, vahidlik və universallıq anlayışları yalnız qayda və prinsiplər deyil, eyni zamanda insan münasibətlərində etimadı, mərhəməti və qarşılıqlı anlayışı qoruyan ali dəyərlərdir. Məhz bu prinsiplər sayəsində tənha insanlar özlərini tək hiss etmir, ən çətin məqamlarda belə yardım və dəstəyin mövcudluğunu görürlər.Humanitar fəaliyyət təmənnasız xidmətlə yadda qalır. Bir yaralının həyatını xilas etmək, ümidsizliyə qapılmış insana mənəvi dayaq olmaq, çətin gün yaşayan ailənin yanında dayanmaq insanlığın ən ali fəlsəfəsidir. Həqiqi mərhəmət nümayiş üçün deyil, insan qəlbinin dərinliyindən gələn mənəvi məsuliyyət hissindən yaranır.Müasir dünya mürəkkəb və çətin sınaqlarla qarşı-qarşıyadır. Təbii fəlakətlər, müharibələr, xəstəliklər və sosial problemlər insan həmrəyliyinin nə qədər vacib olduğunu bir daha göstərir. Belə bir dövrdə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı insanlara yardım etməyin yalnız vəzifə deyil, həm də mənəvi borc olduğunu öz fəaliyyəti ilə nümayiş etdirir.8 May tarixi həm də xeyirxahlığın, mərhəmətin, humanizmin yaranması günüdür. 8 May tarixdə bir neçə dəfə acılı-şirinli gün kimi yaddaşlarda qalıb. Ancaq bu tarixin bundan sonra da təqvimdə Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı yaranması günü kimi qalmağını arzulayıram.Peşə bayramı münasibətilə həyatını humanitar xidmətə həsr edən bütün könüllülərə, tibb işçilərinə, xilasedicilərə və yardım missiyalarında çalışan insanlara açıq səma, möhkəm can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıram.Emil Seyidəliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezident müşaviri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.