Mayın 9-u düşmənin qanlı hücumları qarşısında mərdliklə dayanmış bu qədim kəndin işğal günüdür
Ermənilər ötən əsrin 80-ci illərinin sonunda Qərbi Azərbaycandakı yüz minlərlə soydaşımızı öz tarixi torpaqlarından zorla qovulması prosesini yekunlaşdırdıqdan sonra növbə “dənizdən dənizə böyük Ermənistan” xülyasının növbəti mərhələsini həyata keçirməyə çatmışdı. Cəzasızlıq, dəyirmanlarına su tökən qanlı sovet imperiyası rəhbərlərinin açıq dəstəyi azğınlaşmış ermənilərin iştahasını daha da artırır, onları onillərdir gizli hazırladıqları planlarının icrasına şirnikləndirirdi. Hədəf isə Qarabağın barlı-bərəkətli torpaqları, minillərdir bu torpaqlarda yaşayan dinc azərbaycanlılar idi.
İşğalaqədərki acı reallıqlara qısa baxış...
1988-ci ilin martında SSRİ rəhbərliyinin, daha dəqiqi İttifaqın ermənipərəst başçısı Mixail Qorbaçovun ermənilərin təsiri və təzyiqi ilə qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” xüsusi qərarı əzəli torpağımız olan Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılması kimi məkrli planın ilk addımı oldu. Heç bir əsası olmayan, qondarma səbəblərlə qəbul edilmiş qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verilmiş, külli miqdarda vəsait ayrılmış, vilayətin bir çox məsələlərinin həlli birbaşa İttifaqın nazirlik və qurumlarına həvalə edilmişdi. İctimaiyyətdə belə bir fikir formalaşdırılırdı ki, guya Qarabağda yaşayan ermənilərin iqtisadi-sosial çətinlikləri var və vilayət “əməkçilərinin” narazılıqları da məhz bu səbəblərlə bağlıdır. Halbuki DQMV Azərbaycanın digər reginonları ilə müqayisədə daha dinamik inkişaf etmiş, erməni millətinin nümayəndələrinə təkcə vilayətdə deyil, ölkəmizin digər ərazilərində də çox geniş imkanlar və hüquqlar verilmiş, onlar müxtəlif sahələrdə yüksək vəzifələrlə təmin edilmişdilər. Təkcə onu demək kifayətdir ki, həmin vaxt Azərbaycan SSR Ali Sovetinin 29 deputatı milliyyətcə erməni idi. Yəni Azərbaycanda ermənilərin hüquqlarının pozulmasından söhbət belə gedə bilməzdi.
Qarabağı Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə Xüsusi İdarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Fərmanda göstərilirdi ki, DQMV-nin ərazisində yerləşən bütün müəssisələr, idarə və təşkilatlar, filialları və digər struktur bölmələri, Azərbaycan SSR Nazirlər Sovetinin rəyini nəzərə almaqla (əslində isə alınmamaqla – M.R), SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi məsələlər üzrə komitənin tabeliyinə verilir. Belə bir fərman SSRİ Konstitusiyasına və onun müvafiq maddələrinə açıq-aşkar zidd idi. Çünki həmin Konstitusiyanın 86-cı maddəsində qeyd edilmişdi ki, muxtar respublika və vilayətlər bu və ya digər müttəfiq respublikanın tərkibinə daxildir və ona görə də müvəqqəti və ya həmişəlik onun tabeliyindən çıxarıla bilməz.
Ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarəetmə Komitəsinin (XİK) təşkil edilməsindən sonra Azərbaycan SSR-in bütün dövlət və ictimai orqanlarının Qarabağdakı səlahiyyətləri dayandırıldı. Əslində bu qərar Ermənistan SSR ilə paralel Dağlıq Qarabağda da azərbaycanlıların kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi idi. Çünki mərkəzdən ayrılmış külli miqdarda vəsait hesabına, həmçinin Gorus-Laçın yolu ilə Ermənistandan gətirilən silahlarla ermənilərin gizli şəkildə silahlandırıldığı bir vaxtda A.Volskinin tapşırığı ilə DQMV-nin 55 yaşayış məntəqəsində azərbaycanlıların əllərində olan silahlar, bütün ov tüfəngləri yığıldı. Hadisələrin inkişafının sonrakı mərhələsində məlum olacaqdı ki, azərbaycanlılar müxtəlif üsullarla silahların bir qismini gizlədib saxlaya bilmişdilər.
Volskinin hakimiyyəti dövründə Xankəndi şəhərində yaşayan 12 min azərbaycanlı zorla öz evlərindən qovuldu. Bununla da torpaqlarımızın işğalının praktiki mərhələsinə start verildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə cəmi 3 gün ərzində Dağlıq Qarabağın müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi, vilayətin tərkibində olan beş rayonun partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı ləğv edildi, partiya komitəsinin Xankəndidəki inzibati binasının üzərində Ermənistanın bayrağı qaldırıldı...
1989-cu il iyunun 13-dən Xüsusi İdarəetmə Komitəsinin birbaşa köməyi ilə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Volskinin fəaliyyəti dövründə ermənilər tərəfindən Xankəndidə və keçmiş vilayətin digər rayon və kəndlərində yüzlərlə cinayət törədilmiş, dinc, mülki azərbaycanlıların qətlə yetirilməsi faktları artmışdı. Bütün bu faktlar isə təbii ki, ermənipərəst Volski və onun rəhbərlik etdiyi komitə tərəfindən ört-basdır edilir, ermənilərin yeni cinayətlər törətməsinə şərait yaradılırdı...
Yalnız 1990-cı il yanvarın 20-də imperiya qanlı caynağını Azərbaycanın ürəyinə – Bakıya sancaraq dinc əhaliyə qarşı törətdiyi qırğından sonra ayağa qalxmış xalqın qəzəbi qarşısında geri çəkilməyə məcbur oldu. Həmin il mayın 22-də SSRİ Nazirlər Soveti muxtar vilayətin iqtisadiyyatını idarəetmə hüququnu yenidən Azərbaycana qaytardı. Bu fakt həm də ona görə əhəmiyyətlidir ki, Ermənistandakı revanşist qüvvələrin və onların havadarlarının iddia etdiklərinin əksinə olaraq SSRİ dağılanda və Azərbaycan öz müstəqilliyini elan edəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəçiliyi tam olaraq Azərbaycanda idi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etdikdən sonra müstəqil Azərbaycan Respublikasının qanunu ilə Qarabağın müxtar vilayət statusu da ləğv edildi. Təəssüf ki, həmin qanunda nəzərdə tutulduğu kimi, keçmiş vilayətin ərazisində Azərbaycan qanunvericiliyini təmin etmək, silahlı erməni dəstələrinin işğalçılıq fəaliyyətinin qarşısını almaq artıq mümkün deyildi. Necə deyərlər, iş işdən keçmişdi. Üstəlik, ölkəyə səriştəsiz rəhbərlik, qızışmağa başlayan hakimiyyət davası Qarabağı yenə də sahibsiz, dinc, əliyalın azərbaycanlıları isə gündən-günə azğınlaşan erməni faşistləri qarşısında Allahın ümidinə qoymuşdu...
Kosalar həm də Qarabağın “açarı” idi
Artıq Xankəndidə ermənilər tərəfindən keçirilən nümayişlər çoxdan azərbaycanlıların yaşadıqları kəndlərə, şəhərlərə edilən hücumlarla, getdikcə sayı və atış intensivliyi artan raketlərlə, mərmilərlə əvəzlənmişdi. Düşmən yaşayış məntəqələrimizi bir-birinin ardınca ələ keçirir, kütləvi qırğınlar törədir, addım-addım Qarabağın tacı olan Şuşaya yaxınlaşırdı. Əslində alınmaz qala olan Şuşaya girmək asan olmamalı idi. Üstəlik, coğrafi mövqeyinə görə, artileriya və raket hücumları da ciddi uğur qazanmağa kömək edə bilməzdi. Şuşanı ələ keçirməyin ən ağlabatan yolu şəhərlə eyni hündürlükdə yerləşən, yüksəkliklərindən Şuşadakı hədəflərin vurulması asan olan Azərbaycan kəndini – Kosaları işğal etmək idi. Ermənilər də bu reallığı başa düşürdülər. Qonşuluqda yerləşən Cəmilli, Meşəli və Kərkicahan kəndlərinin işğalından sonra Kosalar yarımmühasirə vəziyyətinə düşmüşdü. Bu isə kəndin ələ keçirilməsinin elə də çətin olmayacağı qənaəti yaradırdı. Hər halda, ermənilər belə hesab edirdilər. Ancaq onları Kosalarda böyük sürprizlər gözləyirdi...
Bir faktı xüsusi qeyd etmək lazımdır ki, erməni separatçıları Xocalının azərbaycanlılar yaşayan kəndlərini ələ keçirmək üçün təxminən eyni taktikadan istifadə edirdilər. Yaşayış məntəqəsi əsasən gecənin qaranlıq vaxtı hər tərəfdən əhatəyə alınaraq çıxış yoları kəsilir, daha sonra Rusiya ordusuna məxsus zirehli texnikaların da köməyi ilə kənd güclü atəşə tutulur və bütün istiqamətlərdən hücum başlayırdı. 1991-ci il dekabrın 15-də Cəmilli, həmin ayın 22-də Meşəli, 29-da Kərkicahan kəndlərində və nəhayət, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində baş verənlər bir daha təsdiq edirdi ki, düşmənin məqsədi təkcə torpaqlarımızı işğal etmək deyil, dinc insanlara qarşı kütləvi qırğınlar törətmək, bununla da Qarabağın digər azərbaycanlı əhalisi arasında xof yaradaraq onların öz ata-baba yurdlarını müqavimətsiz tərk etmələrinə nail olmaq idi. Ancaq adıçəkilən kəndlərin işğalı nəticəsində üç istiqamətdən yarımmühasirə vəziyyətinə düşməyinə baxmayaraq Kosalar ermənilər üçün Şuşanın, dolayısı ilə Qarabağın asan “açarı” olmadı.
1989-cu il dekabrın 6-da Azərbaycan Ali Soveti tərəfindən partiya təşkilatının rəhbərlərindən Viktor Polyaniçkonun sədrliyi ilə yaradılmış Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin üzvü, komitə fəaliyyətini dayandırdıqdan sonra isə 1991-ci il avqustun 1-dən Kosalar Ərazi İcraiyyə Komitəsinin sədri olmuş kənd sakini Vaqif Ağayevin sözlərinə görə, ermənilər həmin proseslərə uzun illər ərzində gizli şəkildə hazırlaşmışdılar. Kosaların, həmçinin Qarabağın digər azərbaycanlılar yaşayan kənd və şəhərlərinin işğal altına düşməsini şərtləndirən ən mühüm amillərdən biri isə paytaxtda gedən hakimiyyət davası, ölkə rəhbərliyinin öz vətəndaşlarına sahib çıxmaması idi:
– Ərazi vahidliyinə Kosalardan başqa Cəmilli və Meşəli kəndləri də daxil idi. Ermənilərin hücumları intensivləşdiyindən 1991-ci ilin dekabrında kömək istəmək üçün Bakıya getdik. Əksər dövlət və hökumət qurumlarına, güc strukturlarına – müdafiə və daxili işlər nazirliklərinə çoxsaylı müraciətlərimiz nəticəsiz qaldı. 15 gündən sonra 3 kəndin müdafiəsini təmin etmək üçün cəmi 3 ədəd avtomat ala bildik. Təsəvvür edin, başdan-ayağa silahlanmış, tam təhciz olunmuş ermənilərin hücumunun qarşısına biz yalnız müsadirə zamanı gizləyib saxlaya bildiyimiz ov tüfəngləri, bir də az sayda avtomatlarla çıxmağa məcbur idik.
Ancaq heç bir çətinlik Kosalar əhalisini qorxuda, onların əzmini qıra bilməmişdi. Qocalı-cavanlı, kişili-qadınlı hamılıqla kəndin müdafiəsinə qalxmışdılar. Həmin vaxt Kosalarda cəmi 319 ailə təsərrüfatında 1433 nəfər sakin yaşayırdı. Əhali sayı çox olmasa da özünümüdafiə dəstələri yaradılmış, işğal olunmuş Cəmilli, Meşəli və Kərkicahan istiqamətlərində müdafiə postları qurulmuşdu. Çarəsizlikdən kənd məktəbinə ibtidai hərbi hazırlıq fənnində istifadə üçün verilmiş təlim avtomatları kustar üsulla döyüşə qismən yararlı vəziyyətə gətirilmişdi. Bir sözlə, məhdud imkanlarla ermənilərin hücumlarının qarşısı alınır, Kosaların müdafiəsi təmin edilirdi.
Qarşısı alınan qanlı hücumlar, son qələbə, acı nəticə...
Vaqif Ağayev bildirdi ki, Kosaların Qırxqız dağının ətəyində yerləşməsi onlara əlavə güc verirdi:
– Kürəyimizi, belə demək mümkünsə, dağlara söykəmişdik, üç tərəfimizsə qəddar düşmən. Yeganə çıxış yolumuz olan Kosalar-Mirzələr-Xəlifəli-Şuşa torpaq yolu da həm narahat idi, həm də təhlükəli. Bütün bunlara baxmayaraq biz sona qədər döyüşdük, ermənilərin 5 irimiqyaslı hücumunun qarşısını ala bildik. Sonradan müxtəlif vasitələrlə müəyyən qədər silah-sursat əldə edə bilməyimiz, bir də Bakıdan, Şamaxıdan, Gəncədən, Yevlaxdan və digər rayonlardan müvəqqəti kömək üçün gəlmiş milis dəstələri də müdafiə imkanlarımızı qismən artırırdı. Elə ilk hücumlardan sonra çoxlu sayda itki verərək geri çəkilən ermənilər başa düşdülər ki, Kosaları işğal etmək elə də asan olmayacaq. Gündəlik postlararası atışmaları saymasaq, 1991-ci il dekabrın 29-da, daha sonra 1992-ci il yanvarın 7-8-də, 28-də, martın 29-da və nəhayət mayın 8-i və 9-da baş vermiş şiddətli döyüşlərin hər biri bizim qələbəmizlə, ermənilərin ağır itkiləri ilə nəticələnib. Bu itkilərə görə ermənilər Qarabağda üçgünlük matəm elan ediblər.
Xocalı bizim kəndin yüksəkliklərindən aydın görünürdü. Fevralın 25-dən 26-na keçən gecə şəhərə hər tərəfdən dolu kimi mərmilərin tökülməsinin də, evlərin yandırılmasının da şahidi olmuşuq. Bundan əvvəl ermənilər Cəmilli və Meşəlidə kütləvi qırğınlar törətmək istəyəndə köməyə yetişib mühasirəni yara bilmişdik. Ancaq təəssüf ki, bu dəfə arada yerləşən düşmən mövqelərini, erməni kəndlərini keçib Xocalının harayına yetməyə gücümüz çatmadı.
Faciənin səhəri günü mən şəxsən ovaxtkı müdafiə naziri Rəhim Qazıyevlə danışıb baş verənləri bildirində dedi ki, nə hay-küy salmısınız? Xocalı yerindədir, cəmi 2 nəfər şəhid olub. İndi görün ki, həmin vaxtlar Azərbaycana kimlər rəhbərlik edirdilər, nə oyunlar gedirdi?
...Ermənilər Kosalar qarşısında hər məğlubiyyətdən sonra daha da azğınlaşırdılar. Məqsəd nə yolla olursa-olsun əvvəl bu kəndi, daha sonra Şuşanı işğal etmək idi. Ancaq tam tərsin baş verdi. 1992-ci il may ayının 8-də ermənilər böyük qüvvəylə eyni vaxtda hər iki yaşayış məntəqəsinə hücuma keçdilər. Günün sonunda Kosaların igid oğulları növbəti dəfə qələbə qazanaraq hücumun qarşısını almışdılar. Düşmənin itkilərinin sayı-hesabı yox idi. Mayın 9-u səhər tezdən isə məlum oldu ki, Şuşa şəhəri ermənilər tərəfindən ələ keçirilib.
Vaqif müəllim həmin anı belə xatırladı:
– Düzü, heç birimiz bu xəbərə inanmaq istəmirdik. Necə ola bilərdi ki, biz kiçik bir qüvvəylə Kosaları müdafiə edə bilirdik, ancaq o cür alınmaz qala olan Şuşa təslim edilib? Son döyüş günü bütün sursatımız, gülləmiz demək olar tamamilə tükənmişdi və biz Şuşadan kömək gözləyirdik. Ancaq nəinki kömək gəlmədi, əksinə Şuşanın işğalı ilə sonuncu çıxış yolumuz da bağlandı. Beləliklə, mayın 9-da ermənilər Qırxqız tərəfindən piyada yolunu kəsərək bizi mühasirəyə salmasınlar deyə, döyüşə-döyüşə dağlara doğru üz tutmağa məcbur olduq. Biz Kosaların yüksəkliyinə çatanda artıq kəndin ayağında ermənilər gözümüz baxa-baxa evlərimizə od vurmuşdular!
O qanlı döyüşlərdə itkilərimiz də az olmadı. Ümumilikdə ,17-si mülki insanlar olmaqla 21 kənd sakini şəhid oldu, 4 nəfər girov düşdü. Kosalar Qarabağın yeganə kəndlərindəndir ki, azsaylı əhalisinə rəğmən döyüşlərdə göstərdikləri sücaətlərə görə 3 nəfər sakini “Azərbaycanın Milli Qəhrəmanı” (2-si ölümündən sonra), 1 nəfəri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, 4 nəfəri isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Çox şükür, qisas qiyamətə qalmadı!
Bu gün bütün keçmiş məcburi köçkünlər kimi, Kosalar kəndinin əhalisi də sevinc və qürur dolu tarixi anlar yaşayırlar. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə sayəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisası alınıb, vaxtilə düşmən tapdağında əzilən torpaqlarımıza indi yenidən həyat qayıdır. Rəşadətli Ordumuzun zəfər yürüşünə Kosalar oğulları da qoşularaq qəhrəmanlıq nümunələri göstəriblər. Kənd sakinləri isə mərhələ-mərhələ daimi yaşamaq üçün doğma Qarabağa qayıdır, işğaldan azad edilmiş ərazilərin dirçəlişinin iştirakçılarına çevrilirlər. Onlar hamılıqla əmindirlər ki, Kosaların qəhrəmanlıqları heç zaman unudulmayacaq.
Mahir Rəsuloğlu
XQ-nin Qarabağ müxbiri
Xocalı, Kosalar
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti