Türkiyə artıq beynəlxalq müdafiə sənayesində lider ölkəyə çevrilir.
Hərbi-siyasi və hərbi-texniki cəhətdən daha da möhkəmlənən Türkiyə regional güc mərkəzi kontekstindən çıxıb qlobal güc mərkəzi olmaq istiqamətində uğurlu addımlar atır.
Qeyd edək ki, mayın 5-də İstanbulda keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində Türkiyənin ilk uzunmənzilli ballistik raketi - 6000 km mənzilli YILDIRIMHAN raketi təqdim olunub.
Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanmış sistem barədə texniki detallar məhdud şəkildə açıqlansa da, raketin strateji təsiri diqqət çəkib. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, YILDIRIMHAN ölkənin indiyədək hazırladığı ən uzunmənzilli ballistik raketdir. Sözügedən raket yalnız regional deyil, qitələrarası təsir dairəsinə yaxın imkanlarına da malikdir.
Məlumata görə, Türkiyə mərkəz götürüldükdə raketin məsafəsi Avropanın tamamını, Yaxın Şərqi, Şimali Afrikanı və Rusiyanın böyük hissəsini əhatə edir. Eyni zamanda, Mərkəzi Asiya, Hindistan yarımadası və Çinin qərb bölgələri də bu radius daxilində qalır.
Daha geniş baxdıqda isə Böyük Britaniyadan Hindistana, Skandinaviyadan Mərkəzi Afrikaya qədər uzanan geniş coğrafiya bu raketin təsir zonasına daxildir. Bu isə sistemin yalnız yaxın region üçün deyil, daha geniş strateji məkan üçün nəzərdə tutulduğunu göstərir.
Bununla yanaşı, YILDIRIMHAN-ın sürəti “Mach 9” ilə terminal mərhələdə “Mach 25” arasında dəyişir və bu, onu hipersəs sinfinə daxil edir. Hipersəs sürətlər mövcud hava hücumundan müdafiə sistemlərinin reaksiya müddətini ciddi şəkildə azaltdığı üçün müasir döyüş konsepsiyalarında mühüm üstünlük hesab olunur. Raketin maye “Nitrogen Tetroxide” (N₂O₄) yanacaqdan istifadə etdiyi və dörd raket mühərriki ilə təchiz olunduğu bildirilib.
Hərbi analitiklərin hesablamalarına görə, ballistik raketlər yüksək sürətlə atmosferdən kənara çıxaraq müəyyən edilmiş hədəfə ballistik trayektoriya üzrə çatan sistemlərdir. Bu tip sistemlər uzun mənzil və yüksək sürət xüsusiyyətlərinə görə erkən xəbərdarlıq və hava hücumundan müdafiə sistemləri üçün ən çətin hədəflərdən biri hesab olunur.
Dumlupınar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Türkiyə yeni dünya nizamında qlobal aktorlar arasında öz yerini təmin edib:

“Türkiyə orta və uzun mənzilli raketlər istehsal etməklə regional güc mərkəzindən qlobal güc mərkəzinə çevrilmək istiqamətində əhəmiyyətli addımlar atmaqdadır. Xüsusilə, müdafiə sənayesindəki son uğurları ilə Türkiyə Avropada təhlükəsizlik və müdafiə arxitekturasının qurulmasında çox vacib mövqeyə yüksəlib.
Trampın hakimiyyətə gəlməsi və Ukrayna müharibəsi fonunda Rusiya ilə Amerika arasında isti təmasların qurulması səbəbindən Avropa öz təhlükəsizliyini təmin etmək barədə düşünmək məcburiyyətində qalıb. Türkiyə Avropada sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcək.
Türkiyənin müdafiə və təhlükəsizlik layihəsi çərçivəsində əhəmiyyətli regional rol oynadığına heç bir şübhə yoxdur. Türkiyənin rolu təkcə bununla məhdudlaşmır. İstər Rusiya-Ukrayna müharibəsində, istərsə Qəzza məsələsində, istərsə də İran-ABŞ-İsrail münaqişəsində Türkiyənin vasitəçi, sülhü təmin edən bir ölkə kimi çıxış edib.
Xüsusi bir məqamı da vurğulayım ki, Türkiyə son zamanlar Afrika ölkələri – Somali, Sudan, Efiopiya və Liviyada sülhün təmin edilməsində çox mühüm rol oynayıb, eyni zamanda regionda sülhü təhdid edən Birləşmiş Ərəb Əmirliləri və İsrail kimi gücləri bu bölgələrdən sıxışdırıb çıxardıb və Rusiyaya qarşı NATO-nun cənub müdafiəsini möhkəmləndirib. Bu baxımdan, Türkiyə yeni dünya nizamında qlobal aktorlar arasında öz yerini təmin edib”.
Ekspertin sözlərinə görə, Türkiyənin geosiyasi çəkisi artıq Avropa liderləri tərəfindən etiraf edilir:
“Ursula fon der Leyenin Balkan inteqrasiyası ilə bağlı keçirilən tədbirdə "Avropa inteqrasiyası tamamlamalı və bölgə Türkiyə, Rusiya və Çinin təsirindən azad olmalıdır" ifadəsi Türkiyənin strateji səviyyənin nə dərəcədə yüksək olduğunu sübut edir.
Bu hal Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz və Balkanların geosiyasi əhəmiyyətinin formalaşmasında təsir imkanlarını ön plana çıxarır. Həmçinin, bu, Türkiyə-Azərbaycan müttəfiqliyinin geosiyasi gücünü artırır və Türk Dövlətləri Təşkilatını Mərkəzi Asiyada önəmli aktora çevirməkdədir”.
H. İnanç əlavə edib ki, hazırkı proseslər fonunda sabitlik və rifah adası kimi çıxış edən Türkiyə münaqişə içərisində olan regionlarda öz siyasətini müəyyən edir və vasitəçi kimi yeni ittifaqlar qurur:
“Bu nailiyyətlər Türkiyəni qlobal aktora çevirir. Digər tərəfdən, İsrail kimi Türkiyə düşməni olan ölkələr Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə və sabitliyi pozmağa çalışsalar da, onların bütün səyləri Türkiyənin ciddi müqaviməti nəticəsində fiaskoya düçar olub.
Türkiyənin orta, uzunmənzilli və qitələrarası ballistik raketlərə nail olması həm dostlarına, həm də düşmənlərinə yeni dünya nizamının qurulmasında əhəmiyyətli bir aktyor olacağını açıq şəkildə nümayiş etdirir”.
Politoloq Rəşad Bayramov isə hesab edir ki, Türkiyənin son illərdə müdafiə sənayesində ciddi irəliləyişlər əldə etməsi danılmaz faktdır. Ekspert qeyd edir ki, qardaş ölkə pilotsuz uçuş aparatları, raket sistemləri, elektron müharibə və yerli istehsal komponentləri sahəsində özünü göstərib:

“Dövlət səviyyəsində müstəqil müdafiə sistemini qurmaq istiqamətində atılan addımlar Türkiyəni bir sıra kritik texnologiyalarda xarici asılılıqdan çıxarmasına imkan yaradıb. Müdafiə sənayesində xüsusilə belə uzunmənzilli sistemlər təkcə texnoloji yox, həm də ciddi geosiyasi balans məsələsidir.
Türkiyənin real güc artımı çəkindirici güc səviyyəsində özünü göstərir. Yəni Ankara artıq Yaxın Şərq, Şərqi Aralıq dənizi və Cənubi Qafqaz kimi regionlarda hərbi və siyasi hesablamalara birbaşa təsir edən aktordur.
Bu təsir əsasən yerli istehsal olunan sistemlər, dron və raket texnologiyaları, dəniz gücü və çevik hərbi müdaxilə qabiliyyəti üzərində qurulub. Bu baxımdan, Türkiyə artıq tamamilə orta güc kateqoriyasından çıxaraq qlobal gücə çevrilmək istiqamətində mühüm addımlar atır”.
R. Bayramov onu da qeyd edib ki, “qlobal güc” statusu təkcə silah sistemlərinin mövcudluğu ilə müəyyən olunmur:
“Bunun üçün iqtisadi miqyas, maliyyə sisteminə təsir, qlobal ittifaqlarda aparıcı rol, texnoloji infrastrukturun dərinliyi kimi faktorlar da vacibdir. ABŞ, Çin və Rusiya kimi dövlətlər bu komponentlərin hamısına fərqli səviyyələrdə sahibdirlər.
Türkiyə isə bu strukturun bir sıra elementlərində güclənərək, tam simmetrik qlobal güc modelinə daxil olmaq üçün bir sıra addımlar atır. Bununla belə, Ankara artıq hesablaşılan aktor mərhələsinə keçib. Bu, beynəlxalq münasibətlərdə çox mühüm dəyişiklikdir.
Xüsusilə NATO daxilində Türkiyənin mövqeyi, Rusiya ilə balanslı münasibət siyasəti və Yaxın Şərqdə müstəqil hərəkət qabiliyyəti onun diplomatik manevr imkanlarını artırır.
Qısası, Türkiyənin müdafiə sənayesindəki inkişafı real və davamlı tendensiyadır və bu, ölkənin strateji çəkisini artırır”.