AZ

Maaşını, pensiyanı, kreditini istədiyin bankdan al – Açıq bankçılığın faydaları

Yaxın dörd ayda Azərbaycanın bank sektorunda əmək bürokratizasiyasının həyata keçirilməsi planlaşdırılır. Yeni sistem vətəndaşlara maaş və pensiyalarını istənilən bankdan almaq imkanı verəcək və hər kəs bu bankı özü seçə biləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yeni imkanların yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışıqların müsbət nəticələndiyini bildirib. Onun sözlərinə görə, proses mərhələli şəkildə həyata keçiriləcək: “Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək. Həm dövlət, həm də özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu, pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə, biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqtəyi-nəzərdən işlər görülməlidir. Yəqin ki, 3-4 aya biz buna nail olacağıq”.

Qeyd edək ki, vətəndaşlara maaş alacaqları bankı seçmək imkanı Açıq bankçılıq (Open Banking) platforması çərçivəsində yaradılır. Bu isə özlüyündə maliyyə xidmətlərinə əlçatanlığı artırmaqla yanaşı, sektorda rəqabətliliyi artırır, yeni fürsətlər və məhsulların ortaya çıxmasına imkan verir.

Açıq bankçılıq nədir?

Son illərdə bank xidmətləri sürətlə dəyişib, əksəriyyəti mobil tətbiqlər, internet banklar üzərindən təqdim olunur. Rəqəmsal maliyyə xidmətləri artıq həyatımızın bir parçasına çevrilib. Bu dəyişikliklərin arxasında duran anlayışlardan biri də Açıq bankçılıqdır. Bəs Açıq bankçılıq nədir və adi istifadəçi üçün nə ifadə edir?

Açıq bankçılıq (Open Banking) – bank müştərilərinin öz maliyyə məlumatlarını təhlükəsiz şəkildə Tətbiq Proqramlaşdırma İnterfeysi (API) vasitəsilə digər lisenziyalı maliyyə xidmətləri və fintex şirkətləri ilə paylaşdığı sistemdir. Məqsəd bank xidmətlərini daha çevik, sürətli və fərdiləşdirilmiş etməkdir. Başqa sözlə, vətəndaş öz razılığı ilə bütün banklarda olan hesablarını bir tətbiqdə birləşdirərək həm özü oradan idarə edir, həm də bütün fintexlərə onun hesablarına giriş imkanı verir. Burada əsas məsələ müştərinin öz razılığının olmasıdır.

Əvvəllər bütün maliyyə məlumatımız yalnız bir bankın daxilində qalırdı. Açıq bankçılıqda isə siz A bankında olan hesabınızla digər banklara, fintexlərə icazə verirsiniz ki, hesab balansınızı, əməliyyat tarixçənizi və ya ödəniş tarixçənizi görə bilsin.

Məsələn:

- büdcə idarəetmə tətbiqi bütün bank kartlarınızı bir ekranda göstərir;

- kredit platforması gəlirinizi avtomatik yoxlayır, kredit imkanlarını qiymətləndirir;

- mühasibat proqramı əməliyyatları avtomatik çəkir;

- “pay by bank” ilə kart daxil etmədən birbaşa hesabdan ödəniş edilir.

İlk addımlar

Açıq bankçılıq termin olaraq bank müştərilərinin maliyyə məlumatlarının üçüncü tərəf təminatçıları ilə paylaşılmasını ifadə edir. Bu konseptin yaranması və yayıldığı tarix maliyyə xidmətlərini daha rəqabətqabiliyyətli və müştəri dostu etmək məqsədəuyğunluğu ilə bağlıdır.

Yeni konsept ilk dəfə 2010-cu illərdə Böyük Britaniyada ortaya çıxıb. 2018-ci ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş PSD2 (Payment Services Directive 2) direktivi bankların müştəri məlumatlarını üçüncü tərəf tətbiq və xidmət provayderləri ilə paylaşmasına imkan tanıyan hüquqi çərçivə yaratdı. Bu məsələ müştərinin icazəsi ilə həyata keçirilir. Bundan öncə isə 2007-ci ildə qəbul edilən PSD1 Açıq bankçılığın hüquqi tənzimlənməsinin başlanğıcı sayılır. Artıq Böyük Britaniya, Avstraliya, Braziliya kimi ölkələrdə bu sistem uğurla tətbiq olunur.

Mütəxəssislər Açıq bankçılığın məhz müştəri məmnuniyyətini artırmaq zərurətindən irəli gəldiyini vurğulayırlar. Çünki maliyyə xidmətləri sektorunda rəqabətliliyin artması, yeni fintex şirkətlərin bazara daxil olması müştərilərin seçim imkanları artırır. Belə bir şəraitdə banklar, investisiya və sığorta şirkətləri müştəri məlumatlarını paylaşaraq daha innovativ və fərdiləşdirilmiş xidmətlər təqdim edə bilərlər.

Artıq Azərbaycanda da bu imkanlar mövcuddur. Açıq bankçılıqla bağlı qaydalar 2024-cü ildə qüvvəyə minib. Bütün banklar Açıq bankçılıq platformasına qoşulub, 7 fintex təşkilatı isə test rejimində istifadə etməyə başlayıb. Hələlik ancaq hesab məlumatı xidmətləri aktivdir. Növbəti mərhələdə Açıq bankçılıq platforması üzərindən ödənişlərin həyata keçirilməsi mümkün olacaq. Bununla bağlı infrastruktur işlər davam etdirilir. Ödənişlər Ani Ödənişlər Sistemi üzərindən gerçəkləşdirildiyi üçün Mərkəzi Bankın nəzarətində olacaq.

Fintexlərin bu təcrübəsi yaxın gələcəkdə investisiya və sığorta şirkətlərinə də ötürüləcək. Həmin şirkətlər Açıq bankçılıq platformasına qoşularaq müştərilərin maliyyə davranışlarını izləyə biləcəklər. Bu da imkan verəcək ki, onlar vətəndaşlara öz maliyyə davranışlarına uyğun fərdi məhsullar təqdim etsinlər.

Müştərilərə nə verir?

Açıq bankçılığın müştərilərə bir sıra faydaları var. Onları şərti olaraq 3 qrupa ayırmaq olar:

1. Ağıllı büdcə tətbiqləri

Bütün bank hesablarını bir tətbiqdə cəmləşdirən vətəndaş öz gəlirlərini və xərclərini eyni anda görə və nəzarət edə bilər. Bu da onun xərcləmələrini daha səmərəli həyata keçirməsinə imkan verəcək. Eyni zamanda, vətəndaşlar öz əməkhaqlarını, pensiyaları hansı bankdan almağı da seçəcəklər. Bu zaman ödəniş qaydalarında heç bir dəyişiklik gözlənilmir. İşəgötürən maaş kartlarını əvvəlki qaydada öz seçdiyi bankda sifariş verəcək. Bu qayda pensiya və müavinətlərə də aiddir. Lakin sonradan həmin müştərilər maaşlarını aldığı bankı dəyişə bilərlər. Açıq bankçılıq ekosistemi imkan verir ki, müştəri bir neçə bank və maliyyə orqanının təkliflərini, xidmət tariflərini asanlıqla görüb müqayisə edə, seçə bilsin.

2. Surətli kreditləşmə

Açıq bankçılığa qoşulan müştərinin bütün hesabları bir tətbiqdə cəmləndiyi üçün digər bankların da həmin məlumatlara çıxış imkanları yaranır. Bu da vətəndaşın kredit müraciətlərinə dair daha rahat və keyfiyyətli, dəqiq qərarların verilməsinə imkan yaradır. Daha X bankdan və ya maliyyə qurumundan, iş yerindən kağız daşıyıcılarda hansısa məlumatı gətirməyə ehtiyac qalmır. Üstəlik, qərarvermə prosesi tezləşdirilir.

3. Birbaşa ödənişlər

Açıq bankçılıq xidmətlərinə qoşulan bank müştəriləri öz ödənişlərini daha rahat və bəzi hallarda əlavə xərclər olmadan həyata keçirə biləcəklər. Artıq kart və ya hesab məlumatlarının daxil edilməsinə, hər hansı digər əməliyyatlara ehtiyac qalmır. Bütün bunlar müştərilərə öz maliyyə vəziyyətlərini daha yaxşı izləməyə və idarə etməyə imkan verir.

Banklar və fintexlər isə bir mərkəzdə cəmlənən məlumatlardan istifadə edərək müştərinin maliyyə tarixçəsinə əsaslanan daha uyğun xidmətlər və məhsullar təqdim edə bilərlər. Gələcəkdə isə bundan investisiya və sığorta şirkətləri də yararlana biləcək. Bir sözlə, Açıq bankçılıq maliyyə sisteminin daha fərqli, müasir və müştəri yönümlü hala gəlməsinə kömək edir.

Müasir xidmətlər və texnoloji struktur

Açıq bankçılığın yeni imkanlarından danışan bank mütəxəssisi Bəxtiyar Məmmədov burada müştərilərə daha geniş səlahiyyət və seçimlər verildiyini vurğulayıb: “Ənənəvi bankçılıqda hər bank müştərini yalnız öz sistemində görürdü və onun başqa bankda olan hesabını yalnız həmin bankın mobil tətbiqi və ya internet bank sistemi kimi proqramlarda görə bilərdi. Lakin Açıq bankçılıqda müştəri özü razılıq verə bilər ki, onun məlumatlarını hansı bank tətbiqləri, yaxud digər üçüncü tərəflər götürə və müxtəlif növ xidmət göstərilməsi üçün istifadə edə bilər. Açıq bankçılığın əsas yanaşması budur ki, müştəri məlumatın sahibidir, hər hansı bir üçüncü tərəfə öz məlumatını verib-verməməyə özü qərar verə bilir. Həmin üçüncü tərəflər isə adətən müştəriyə xidmət göstərməyi hədəfləyən maliyyə tətbiqləri olur. Məsələn, bir şəxsin hər hansı bankda əməkhaqqı hesabı var, digər bankdan isə debet kart əldə edib, digər bir bankda isə əmanət hesabı var. Bu halda Açıq bankçılıq vasitəsilə müştəri razılıq verə bilər ki, onun hesabları hər hansı bir seçilmiş üçüncü tərəfin (məsələn banklardan birinin, yaxud digər bir bankın və ya fintex şirkətinin) mobil tətbiqində görünsün. Əgər həmin üçüncü tərəflər açıq bankçılıq sisteminə qoşulublarsa, o halda müvafiq məlumatları istifadəçiyə göstərə, həmçinin istifadəçinin razılığı və göstərişi əsasında həmin hesab üzərindən əməliyyatlar edə bilərlər”.

Azərbaycanda Açıq bankçılığın mərkəzləşmiş şəkildə təşkil olunduğunu deyən B.Məmmədov bunun üçün Mərkəzi Bank tərəfindən müvafiq infrastrukturun qurulduğunu, bankların bu infrastruktura qoşulmasının təmin edildiyini bildirib. Vətəndaşların isə istifadə etdikləri tətbiqlər vasitəsilə bir bankdakı məlumatlarının digər bankın tətbiqində görünməsinə razılıq verməli olduqlarını deyib: “İndiki halda Açıq bankçılıq infrastrukturuna qoşulan bankların müştəriləri mobil tətbiq vasitəsilə razılıq verə bilərlər ki, onların həmin bankda olan hesablarını başqa bankın mobil tətbiqində də görmək mümkün olsun. Vətəndaş X bankının mobil tətbiqinə daxil olaraq Açıq bankçılıq menyusu vasitəsi ilə buna razılıq verə bilər. Bu razılıqdan sonra o, Y bankın mobil tətbiqinə daxil ola və X bankında olan hesabı ilə bağlı məlumatları orada görə bilər. Y bankı həmin müştərinin X bankında olan hesabını müştəriyə göstərmək üçün Mərkəzi Bank tərəfindən təqdim olunan Açıq bankçılıq sisteminə real vaxt rejimində sorğu göndərəcək. Açıq bankçılıq sistemi isə bu sorğunu müvafiq banka – X bankına yönləndirəcək. X bankı isə müştərinin razılığının olmasını yoxlayaraq müvafiq məlumatların Açıq bankçılıq sisteminə, oradan isə Y bankına ötürülməsini təmin edəcək. Bu mərhələ artıq Azərbaycan banklarında tamamlanıb. Növbəti mərhələdə isə bu imkanın daha da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, Mərkəzi Bank tərəfindən başlanan layihə Açıq bankçılıq daxilində ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti adlanır. Banklarla qarşılıqlı inteqrasiya nəticəsində növbəti mərhələdə, bayaqkı misala uyğun qeyd etsək, X bankının müştərisi olan A adlı şəxs, Y bankının mobil tətbiqini istifadə etməklə A bankında olan hesab üzərində sərəncam verə biləcək, yəni əməliyyatlar həyata keçirə biləcək”.

Açıq məlumatların yaratdığı risklər

Bütün elektron məlumat bazalarının istidafəsi, xüsusilə maliyyə xidmətləri sahəsində tətbiq edilən yeni texnologiyalar özü ilə böyük risklər də gətirir. Son illərdə bank hesablarına olan kiberhücumlar daha çox aktuallaşıb. Buna görə də vətəndaşlar maliyyə məlumatlarını paylaşmaqda çox ehtiyatlı davranmağa məcburdurlar. Üstəlik, Açıq bankçılıq kimi bütün maliyyə məlumatlarını özündə birləşdirən bir ekosistemin istifadəyə verilməsi öncə onun təhlükəsizliyi ilə bağlı suallar yaradır.

B.Məmmədov qeyd edib ki, Açıq bankçılıq üzrə hesabların sorğulanması və ya əməliyyat sorğuları banka üçüncü tərəflərdən daxil olur. Bu zaman bank onların eyniləşdirilməsini ciddi şəkildə həyata keçirməlidir. Zəif qorunma məlumat sızmasına, hesabların ələ keçirilməsinə, fraud əməliyyatlarına səbəb ola bilər: “Burada risk bankın özündən çox üçüncü tərəfin zəifliyi ilə yaranır, amma məsuliyyət çox vaxt bankın üzərində qalır. Məlumatlar üçüncü tərəf vasitəsilə sızarsa, müştəri bankı günahlandırır, bankın etibarlılığı zədələnir. Həmçinin müştəri ilə birbaşa əlaqənin itməsi baş verə bilər. Bu halda fintexlər müştəri interfeysini ələ keçirir, bank arxa fonda olan maliyyə xidmət provayderi roluna düşür. Nəticədə isə bankın çarpaz satış imkanları azalır, müştəri loyallığı zəifləyir. Müştəri razılığı düzgün idarə olunmazsa, tənzimləyici sanksiyalar, məhkəmə iddiaları yarana bilər. Bu, mərkəzləşmiş arxitektura olduğu üçün mərkəzi hissənin davamlılığı qorunmalıdır. Belə ki, mərkəzi hissədə hər hansı nasazlıq çox sayda fintexlərin işində ciddi çətinlik yarada bilər. Müştəri məlumatlarının üçüncü tərəflərə ötürülməsi riskləri məlumatların xarici bulud infrastrukturlarda saxlanmasına ciddi nəzarət edilməsini zəruriləşdirir”.

Açıq bankçılıqdan istifadə edən müştərilər də məlumatların paylaşılmasında diqqəli olmalıdırlar. “Razıyam” düyməsi faktiki olaraq məlumat üzərində nəzarətin itirilməsinə çevrilə bilər. Bu da “çirkli pullar”ın yuyulması kimi riskləri artıra bilər. Bütün bunlardan qorunmaq üçün tətbiqlərdə ehtiyatlı davranmaq vacibdir.

Beləliklə, bütün riskli və üstün tərəfləri ilə həyatımıza daxil olan Açıq bankçılıq fintexlərin inkişafına, bankların daha üstün və ucuz başa gələn xidmətlər təklif etməsinə rəvac verəcək. Açıq bankçılıq dövlət üçün nəzarət və sabitlik, banklar üçün innovasiya və səmərəlilik, müştərilər üçün isə seçim və rahatlıq yaradır. (Vergiler.az)

Seçilən
15
fed.az

1Mənbələr