Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şimali Qafqazın ən qapalı bölgəsi olan Çeçenistanda Ramzan Kadırov rejiminin tənqidçiləri dəhşətli faktlar açıqlayıblar. Məlumata görə, respublikada yerli sakinlərin güc strukturları tərəfindən qaçırılması və proqnozlaşdırıla bilməyən nəticələri olan qeyri-rəsmi saxlanılmalar kütləvi xarakter alıb. Müxalif "NIYSO" hərəkatı və hüquq müdafiəçiləri baş verənləri Kremlin və yerli idarəçiliyin birgə həyata keçirdiyi "repressiya sxemi" kimi qiymətləndirirlər.
"AzPolitika" "Kavkaz.Realii" saytının araşdırmasına istinadən Çeçenistandakı məcburi yoxa çıxmalar və "girov ticarəti" ilə bağlı analitik məqaləni təqdim edir:
Ukrayna cəbhəsi üçün "canlı konveyer"
Çeçenistanda insanların qaçırılmasının əsas məqsədi dəyişməz qalır: yerli kişiləri zorla Ukrayna müharibəsinə göndərmək. Aktivistlərin məlumatına görə, qurbanlar çox vaxt Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olana qədər həftələrlə polis şöbələrində saxlanılır, amansız işgəncələrə məruz qalırlar. "NIYSO" iddia edir ki, komandanlıq üçün qoşunlara kimin düşməsi əhəmiyyətsizdir. Sıralara gənclər, yaşlılar, alkoqol və narkotik asılılığı olanlar, hətta kommunal borcu olan kasıb təbəqə daxil edilir. 2026-cı ilin əvvəlindən bəri 1000-dən çox insanın qaçırıldığı bildirilir.
Respublikada qaçırılmalar həm də böyük bir korrupsiya mexanizminə çevrilib. Mövcud "təcrübəyə" görə qaçırılan şəxs 1 milyon rubl ödəyərək azad ola bilər. Onun əvəzinə polis daha müdafiəsiz, kimsəsiz bir qurban tapır. Hər "gətirilən" nəfərə görə kadırovçular isə dövlətdən 700 min rubl alır. Xidmətə zorla razı salınanlara da 200 mindən çox olmayan vəsait verilir, qalan məbləğ isə mənimsənilir.
Kadırovun polisi gəncləri tələyə salmaq üçün müasir texnologiyalardan və psixoloji manipulyasiyadan istifadə edir. Məsələn, oyun tələsi əsas vasitələrdın biridir. "Agent qadınlar" məşhur "PUBG Mobile" oyununa daxil olaraq gəncləri təhqir edir və provokasiyaya çəkir. Cavab reaksiyası alan kimi gəncin səs yazısı və ünvanı müəyyən edilir, o dərhal "vəzifəli şəxsi təhqir etməkdə" ittiham olunaraq aparılır.
Mülki provokatorlar da iş başındadırlar. Mülki geyimdə olan polislər küçədə qəsdən dava salır. Ən kiçik müqavimət "DİN əməkdaşına hücum" kimi rəsmiləşdirilir.

Zorakılıqdan heç kim sığortalanmayıb. Sentyabrda uşaq bağçası müəlliməsi Şovda Şamayeva qaçırıldıqdan sonra öldürülüb. Onun aşkar işgəncə izləri olan cəsədi qohumlarına verilərkən ölümün gizlədilməsi tələb olunub. Oktyabrda Tsotsi-Yurt kəndində bir sakinin asılmış cəsədi tapılıb, Şeyx İznavur qəsəbəsində isə qaçırılan yaşlı bir kişi ölüb.
Daha bir sarsıdıcı hadisə müxalif bloqer Sayd-Hüseyn Maqomadovla bağlıdır. O, Bosniyadan aldadılaraq Qroznıya gətirilib və hava limanında saxlanıldıqdan sonra yoxa çıxıb. Onun "Axmat" bölməsindəki rüşvətxorluqdan şikayət etdiyi üçün öldürüldüyü ehtimal olunur.
Hüquq müdafiəçisi Abubakar Yanqulbayev bildirir ki, çeçen sakini hər an aparıla biləcəyini bilir və buna öyrəşib, çünki gedəcək yeri yoxdur. Qanuna müraciət etmək mənasızdır, silahlı üsyan isə Rusiya ordusu tərəfindən yatırılacaq. Mühacirət isə çətindir: "Çünki Rusiyada sən çeçensənsə, Avropada sən rusan".
Aktivistlər əmindirlər ki, bu vəziyyət nəzarətdən çıxmış bir proses deyil, birbaşa Vladimir Putin və FTX (FSB)-nin planıdır. Yerlərdə isə repressiya və qaçırılma sahəsində ən aktiv fiqur kimi xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayevin adı çəkilir.
Yanqulbayev hesab edir ki, ədalət zamanı gələcək və bütün bu cinayətlər üçün beynəlxalq tribunallar qurulacaq: "Biz artıq XVIII əsrdə yaşamırıq. Zərərçəkmiş çeçenlər sivil dünyada təhsil alırlar və onlar qisası beynəlxalq institutlar vasitəsilə alacaqlar".
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.