AZ

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

“Google Fitbit” yeni nəsil ağıllı fitnes trekeri – “Fitbit Air” modelini təqdim edib. Mart ayında anons olunan “Whoop” tipli ekransız cihaz artıq rəsmi şəkildə nümayiş etdirilib və 100 dollardan sifarişə açılıb. “Fitbit Air” klassik ağıllı saatlardan fərqli olaraq, ekransız və daha kompakt dizayna malikdir. Cihaz müxtəlif aksessuarlara yerləşdirilə bilir və əsasən biləkdə istifadə üçün nəzərdə tutulub. “Google”un açıqlamasına görə, yeni model “Fitbit Luxe”dan 25 faiz, “Fitbit Inspire 3”dən isə 50 faiz daha kiçikdir.

Yeni cihaz gün ərzində ürək ritmini izləyir, yuxu mərhələlərini analiz edir və istifadəçiyə “Sleep Score” təqdim edir. Bundan əlavə, cihaz “Afib” riskini göstərən nizamsız ürək ritmini aşkarlaya, HRV göstəricilərini izləyə və ümumi sağlamlıq vəziyyəti barədə məlumat verə bilir. “Fitbit Air” istifadəçinin məşqə başladığını avtomatik müəyyən edir və 140-dan çox idman növünü izləyə bilir. Qaçış, velosiped, yürüş və digər yüksək aktivlik tələb edən məşqlər dəstəklənir. Cihaz, həmçinin həftəlik kardio yükü, aktivlik müddəti və bədənin hazırlıq səviyyəsi kimi göstəriciləri də təqdim edir. “Google” bu modeldə süni intellekt funksiyalarına xüsusi diqqət ayırıb. “Gemini” əsaslı “Google Health Coach” istifadəçi ilə söhbət formatında işləyərək şəxsi məlumatlara uyğun məşq və sağlamlıq tövsiyələri verir.

“Fitbit Air” üçün hazırda üç fərqli qolbaq seçimi mövcuddur: idman üçün silikon versiya, mikro tənzimlənə bilən “Performance Loop” və premium görünüşlü “Elevated Modern Band”. Cihaz bir dəfə enerji doldurmaqla təxminən bir həftə işləyə bilir. Beş dəqiqəlik sürətli enerji doldurma isə bir günlük istifadə imkanı yaradır.

“Google” basketbol ulduzu Stephen Curry ilə birlikdə xüsusi “Fitbit Air Special Edition” modelini də təqdim edib. Bu versiya əlavə suya davamlı örtük və xüsusi dizayn detalları ilə fərqlənir və qiyməti 130 dollar təşkil edir. Yeni “Fitbit Air” mayın 26-da satışa çıxacaq.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
74
azerbaijan-news.az

1Mənbələr