AZ

MOSKVANIN BİTMƏYƏN QARABAĞ “SANÇISI”... Və ya şüşə evdə” oturub başqasının evinə daş atanlar

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya hakimiyyəti və onun təbliğat kanalları heç cür Azərbaycana qarşı çirkin təxribatlardan əl çəkmək istəmir. Bu zaman istifadə olunan “palitrada” isə uzun illərdir çeynənən “Qarabağ mövzusu” yenə əsas nöqtə olaraq qalır…

Növbəti bu cür ucuz “təxribat tryuku” mayın 6-da Rusiyanın dövlət kanalı olan "Birinci" kanalın "Zaman göstərər" ("Vremya pokajet") verilişində qeydə alınıb. Həmin verilişdə Kreml təbliğatının təkcə mənəvi deyil, həm də fiziki baxımdan ən çirkin simalarından olan Anatoli Kuziçin, Alesya Loseva ilə birgə apardığı proqramda dövlət kanallarının ənənəvi qonaqları yığışıblar. Digər mövzularla yanaşı Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin Sammitinə də toxunan verilişdə “ekspert politoloq”, 2024-cü il seçkisində Vladimir Putinin səlahiyyətli nümayəndəsi olmuş Sergey Mixeyev açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü sual altına alaraq, Nikol Paşinyanı “Qarabağı satmaqda” günahlandırıb və dolayısı ilə erməniləri ona qarşı üsyana çağırıb.

Bu yaramazın sarsaq şərhinin fonunda isə efirə regionumuzun təhrif olunmuş xəritəsi verilib və orada Qarabağ Azərbaycan ərazisi deyil, keçmiş qondarma separatçı qurumun adı ilə ayrıca göstərilib.

Artıq Azərbaycan rəsmən bu növbəti ucuz təxribata münasibətini göstərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən bəyan edib ki, Rusiya dövlət kanalında Azərbaycanın xəritəsinin təhrif olunmuş şəkildə nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "dağlıq Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

Onun dediyi kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır: "Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir".

Doğrudan da, məhz belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi zamanı çoxdan yetişib.

Rusiya rəhbərliyinin özü kimi başını itirmiş rəsmi təbliğatı da öz qonşularına, o cümlədən Azərbaycana münasibətdə nəinki əxlaq, mənəviyyat normalarını, hüquqi sənədləri də ayaq altına atır. Ölkəmizə qarşı bu çirkin təbliğat digər beynəlxalq və ikitərəfli hüquqi sənədlərlə yanaşı, iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış və Kremlin özünə sərf edən məqamlarda tez-tez istinad etdiyi “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə tamamilə ziddir!

Bu, birinci dəfə deyil ki, ölkəmizin ərazi bütövlüyü Kremlin müxtəlif səviyyəli təbliğat tulaları tərəfindən hədəfə və sual altına alınır. Bəzən bu prosesə Rusiya XİN sözçüsü Mariya Zaxarova və Konsatantin Zatulin kimi bir çox Duma deputatları timsalında rəsmilər səviyyəsində qoşulanlar da olur. Ancaq bu başabəla, natamam “diplomatlar”, “siaysətçilər”, “ekspertlər” anlamırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü geri dönməz şəkildə bərpa etməklə yanaşı, Qarabağdan separatçı tör-töküntünü rədd etməklə, separatçılığın kökünü birdəfəlik, dibindən kəsib.

Anlamırlar ki, Rusiya özü isə bu baxımdan heç də ürəkaçan vəziyyətdə deyil. Anlamırlar ki, öz ərazisində Çeçenistan, Dağıstan, Tatarıstan, Başqırdıstan və digər bu kimi çoxlu sayda faktiki olaraq Rusiya imperiyası tərəfindən işğal olunmuş və istənilən imkanda bu imperiyanın caynağından qurtulmağa çalışan etnik bölgələr olduğu halda, Azərbaycan kimi qonşu ölkələrə milli ayrıseçkilik, separatçılıq mövzusunda dil uzadaraq aranı qatmaq cəhdi "Şüşə evdə oturub başqasının evinə daş atmaq" kimi olduqca axmaq və yaramaz davranışdır…

Əgər Rusiya təbliğatına öz dilində, özünün anladığı dildə cavab verilsə, onun xəritəsində Rusiyadan ayrılmış şəkildə onlarla ərazi göstərib, başqa rəngələrdə, başqa adlarda “müstəqil dövlət” kimi təqdim etmək olar – məsələn, İçkeriya respublikası, Tatarıstan dövləti, Başqırdıstan dövləti, Sibir respublikası və sair. Ortada Rusiyaya aid yalnız Moskva, Sankt-Peterburq və onların ətarfındakı məhdud ərazilərdən ibarət Moskoviya qalar…

AZAL təyyarəsinin vurulmasından və Rusiyadakı azərbaycanlılara qarşı repressiyalardan, Yekaterinburqda həmvətənlərimizin aşağılanaraq, vəhşicəsinə döyülməsi, nəticədə onlardan ikisinin həyatını itirməsindən sonra Azərbaycanın verdiyi cavab, ortaya qoyduğu iradə və ölkəmizin qanunlarını pozan “çağırılmamış qonaqlara” qarşı gördüyü tədbirlər yaddan çıxmamalıdır. Yəni, Bakı istənilən təxribata həm beynəlxalq hüquqa uyğun, həm də həmin təxribatı törədənlərin başa düşdüyü başqa dildə cavab verməyi bacarır…

Öz yaramazlığı və yarıtmazlığı ucbatından Ukrayna müharibəsindəki bataqlıqda hərbi, siyasi və iqtisadi boğulma yaşayan, Orta Asiyanı Çinin nüfuz dairəsinə verməyə məcbur olan Kreml, belə görünür ki, bu geosiyasi məğlubiyyətlərinin “əvəzini” Cənubi Qafqazda çıxmaq istəyir. Ancaq mehriban, qarşılıqlı fayda və hörmətə əsaslanmaq əvəzinə bu cür çirkin təbliğatla, ədavət, qarşıdurma, qan üzərində köklənmiş imperiyaçılıq siyasətilə heç bir istiqamətdə uğur qazanmaq mümkün deyil. Lakin görünür, Kremldə bunu anlamaq və qəbul etmək istəmirlər, ya da bunu anlayacaq ağıla malik kimsə yoxdur…

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azpolitika.info

1Mənbələr