Asiya İnkişaf Bankı (AİB) Cənub-Şərqi Asiyada enerji və rəqəmsal infrastrukturu gücləndirmək üçün 70 milyard dollarlıq böyük plan açıqlayıb.
“CNBC”nin məlumatına görə, layihələrin 2035-ci ilə qədər maliyyələşdirilməsi nəzərdə tutulur. Plan iki əsas istiqaməti, yəni, Asiya ölkələrini birləşdirəcək ortaq elektrik şəbəkəsi, regionda internet və məlumat axınını yaxşılaşdıracaq rəqəmsal magistral yolu əhatə edir.
AİB rəhbərliyi bildirib ki, bu təşəbbüs enerji və internetə çıxışı artıracaq, xərcləri azaldacaq və region ölkələrinin iqtisadi inkişafını sürətləndirəcək. Bu proqramdan ən çox Cənub-Şərqi Asiya ölkələri, xüsusilə İndoneziya, Vyetnam və Filippin faydalanacaq. Bu ölkələrdə əhali çoxdur və infrastruktur ehtiyacları böyükdür. Digər tərəfdən, Çin, Hindistan və Yaponiya kimi böyük iqtisadiyyatlar artıq öz maliyyə imkanlarına sahib olduqları üçün bu proqramdan nisbətən az istifadə edəcəklər. Layihə, həmçinin bərpaolunan enerjinin (su, günəş, külək) ölkələr arasında daşınmasını asanlaşdıracaq. Məqsəd 2035-ci ilə qədər regionda enerji şəbəkələrini birləşdirmək və daha dayanıqlı sistem yaratmaqdır.
AİB-in bu planı Cənub-Şərqi Asiyanı enerji və rəqəmsal baxımdan daha güclü regiona çevirməyi hədəfləyir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”