AZ

ABŞ və İsrailin İrana qarşı yeni addımları nə ola bilər? -AÇIQLAMA

İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir. Bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat yayıb. Eyni zamanda, bir neçə İsrail rəsmisi də "Channel 12" telekanalına bildirib ki, Təl-Əviv mövcud atəşkəsin mümkün pozulmasına hazırlaşır.

Bəs münaqişə yenidən alovlana bilərmi?

Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, hərbi əməliyyatların əvvəlki formada, yəni genişmiqyaslı şəkildə bərpa ediləcəyi ehtimalı zəif görünür:

"Çünki ABŞ və İsrail hava zərbələri ilə İran rejimini devirməyə nail ola bilmədilər. Eyni zamanda İran hakimiyyəti də həmin zərbələr qarşısında geri çəkilmədi. Quru əməliyyatları məsələsi nəzəri baxımdan müəyyən təsir imkanları yarada bilərdi. Lakin praktiki müstəvidə bu ssenari artıq arxa plana keçib. Yəni yaxın perspektivdə genişmiqyaslı quru əməliyyatlarının həyata keçirilməsi ilə bağlı ciddi planların olduğu görünmür. Bunun fonunda tərəflər arasında danışıqlar masasında da hər hansı ciddi razılaşma əldə olunmur. Bir növ İran məsələsi çıxılmaz və düyünlənmiş vəziyyətə gəlib çatıb".

Siyasətçinin fikrincə, bu vəziyyətdən çıxış yollarından biri kimi ABŞ və İsrail İranın müəyyən hərbi obyektlərinə məhdud zərbələr endirə bilər.

"Eyni zamanda İranın hərbi-siyasi rəhbərliyinə qarşı müəyyən əməliyyatların keçirilməsi ehtimalı da nəzərdən keçirilə bilər. Daha çox qısamüddətli və lokal xarakterli əməliyyatlar mümkün görünür. Burada əsas məqsəd İranı danışıqlar masasında müəyyən güzəştlərə məcbur etmək ola bilər. Yəni İran ətrafında yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu kimi belə bir ssenari nəzərdən keçirilə bilər. İran tərəfdən də müəyyən cavab zərbələri və reaksiyalar olacaq. Lakin İran da anlayır ki, uzunmüddətli müharibə mövcud şəraitdə onların maraqlarına uyğun deyil. Bu baxımdan ABŞ tərəfi daha çox qısamüddətli hərbi təzyiq variantına üstünlük verə bilər. Bununla yanaşı, İrana qarşı iqtisadi sanksiyaların genişləndirilməsi, xüsusilə iqtisadi təzyiq və blokada istiqamətində addımların artırılması ehtimalı daha real görünür".

Xədicə BAXIŞLI

Seçilən
28
50
redaktor.az

10Mənbələr