AZ

Region hazırda klassik müharibədən çox hibrid qarşıdurma dövrü yaşayır General

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son gərginliklər hələlik tammiqyaslı müharibə mərhələsi kimi qiymətləndirilmir. Daha çox “idarə olunan gərginlik”, qarşılıqlı təzyiq və regional mesajvermə mərhələsi kimi görünür. Körfəz bölgəsində tərəflər çox yaxşı anlayırlar ki, açıq müharibə həm enerji bazarlarını, həm dəniz ticarətini, həm də regional təhlükəsizlik sistemini ciddi şəkildə sarsıda bilər".

Bu fikirləri Redaktor.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz iki gündür İran ilə BƏƏ arasında yaşanan gərginlikdən danışarkən səsləndirdi.

Onun sözlərinə görə, baş verən hadisədə bir neçə mühüm amil var:

"İran uzun müddətdir ki, Körfəz ölkələrinə qarşı “asimmetrik təzyiq strategiyası” tətbiq edir. Yəni birbaşa genişmiqyaslı savaşdan daha çox, dəniz təhlükəsizliyi, enerji infrastrukturu, pilotsuz sistemlər və proksi qüvvələr üzərindən təsir yaratmağa çalışır. BƏƏ isə son illərdə həm ABŞ, həm də regional aktorlarla təhlükəsizlik əməkdaşlığını gücləndirib. Xüsusilə hava hücumundan müdafiə, liman təhlükəsizliyi və kəşfiyyat sahəsində ciddi imkanlar əldə edib. Hər iki tərəf iqtisadi baxımdan böyük risklərin fərqindədir. Dubay və Əbu-Dabi kimi maliyyə və logistika mərkəzləri üçün uzunmüddətli savaş ssenarisi olduqca ağır nəticələr doğura bilər. İran da sanksiyalar fonunda əlavə iqtisadi təzyiq istəmir. Ancaq bu o demək deyil ki, risk azdır. Ən təhlükəli məqam məhdud insidentlərin nəzarətdən çıxmasıdır".

Müsahibimizin fikrincə, Körfəzdə bir tanker hadisəsi, pilotsuz aparat hücumu və ya dənizdə qarşıdurma sürətlə regional eskalasiyaya çevrilə bilər:

"Xüsusilə Hörmüz boğazı ətrafında yaşanacaq hər hansı hərbi hadisə dünya enerji bazarına dərhal təsir göstərər. Digər mühüm məsələ isə böyük güclərin mövqeyidir:

ABŞ Körfəzdə müttəfiqlərinin təhlükəsizliyini qorumağa çalışacaq, Çin isə enerji təhlükəsizliyi səbəbindən gərginliyin böyüməsini istəmir, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri də açıq regional savaşdan çəkinirlər. Bu səbəbdən yaxın perspektivdə “tammiqyaslı İran–BƏƏ müharibəsi” ehtimalı aşağı görünür. Amma aşağı intensivlikli qarşıdurmaların, kiber hücumların, dəniz təhlükəsizliyi böhranlarının və proksi təzyiqlərin artması ehtimalı kifayət qədər yüksəkdir. Region hazırda klassik müharibədən çox hibrid qarşıdurma dövrü yaşayır".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
redaktor.az

2Mənbələr