AZ

Azərbaycan Türkiyə tandemi: sabitliyin əsas açarı

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Avropa Parlamenti və Fransa rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi qərəzli açıqlamalar regionda sülh və normallaşma prosesinə mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycan regional təhlükəsizlik və davamlı sülh gündəliyini ardıcıl şəkildə müdafiə edən əsas tərəf kimi çıxış edir. Belə olan halda sual yaranır: regionda sülh və sabitliyin qorunması həqiqətən yalnız Azərbaycanın marağındadırmı?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ümumilikdə ərazilərimiz işğal altında olduğu dönəmdə də sülh prosesinə sadiqliyi ilə fərqlənirdi. Biz torpaqlarımız işğal altında olmasına baxmayaraq, bütün platformalarda, diplomatik masalarda danışıqlar yolu ilə problemin həllində maraqlı olduğumuzu bildirirdik və fəaliyyətimiz də bu istiqamətdə idi.

“Sözün həqiqi mənasında müharibə istəmirdik, qan-qada istəmirdik, çünki müharibə istənilən halda itkilər deməkdir. Amma təəssüflər olsun ki, elə Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu bu illər ərzində ədalətə deyil, qərəzə üstünlük verdi. Azərbaycanı mövcud reallıqla barışmağa məcbur etmək istəyirdilər.

Təbii ki, biz heç vaxt işğal faktı ilə barışmayacağımızı bildirmişdik və öz gücümüzə torpaqları işğaldan azad etdik. İşğaldan azad etdiyimiz gündən etibarən sülh müqaviləsinin imzalanmasının vacibliyi ilə bağlı qarşı tərəfə müraciət etdik və Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində də əməli addımlar atdı. Təəssüflər olsun ki, Ermənistan uzun müddət qeyri-konstruktiv mövqe sərgilədi.

Amma sonda regionda əsas güc sahibinin Azərbaycan olduğunu və sabit sülhün yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini qəbul etməli oldular. Bununla yanaşı, Ermənistana havadarlıq etmək istəyən və türk dünyasına qarşı qərəzli mövqe sərgiləyən bəzi qüvvələr də öz fəaliyyətlərini davam etdirirlər”, – deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, Prezident də çıxışında Avropa Parlamentində işğaldan azad edilmiş ərazilərlə bağlı son illərdə 14 qərəzli qətnamənin qəbul edildiyini vurğulayıb. Fransa və bəzi digər güclər isə bu gün də pozucu fəaliyyətlərini davam etdirirlər.

“Baxmayaraq ki, Azərbaycan və Ermənistan arasında çərçivə sülh müqaviləsi üzrə razılaşmalar mövcuddur, Vaşinqtonda kommunikasiya xətlərinin açılması, delimitasiya və digər məsələlərlə bağlı addımlar atılıb, yenə də bəzi dairələr qərəzli mövqe sərgiləyirlər.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir. Ermənistan da artıq anlayır ki, regiondan kənar qüvvələrə arxalanmaqla nəticə əldə etmək mümkün deyil. Yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Ermənistana da iqtisadi inkişaf, tranzit ölkəyə çevrilmə və regional inteqrasiya imkanı yaradıb.

Bu gün bölgədə sabitlik və sülhün təmin olunması əsas hədəfdir. Bütün maneələrə baxmayaraq, Azərbaycan regionda dayanıqlı sülhün əsas təminatçısı kimi çıxış edir və bu prosesdən təkcə Azərbaycan deyil, bütün region ölkələri faydalanacaq”, – deyə Arzuxan Əlizadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
bizimyol.info

1Mənbələr