ABŞ-nin hərbi dəniz qüvvələri uçan naməlum obyektlərlə (UFO) bağlı bu vaxta qədər məxfi olan arxivləri ictimailəşdirib. Arxivlər Pentaqonun saytında dərc olunub.
Bu barədə Trend xəbər verir.
ABŞ-nin məxfilikdən çıxarılan UFO materiallarının ilk hissəsinə "Apollo 17 Moon Landing" aya eniş missiyasının arxiv görüntüləri, 2025-2026-cı illərə aid yeni hərbi müşahidələr və bir neçə müəmmalı hadisə daxil edilib.
İlk topluya 2023-cü ilin oktyabrında Birləşmiş Ərəb Əmirliyi səmasında qeydə alınmış və "həlli tapılmamış hadisə" kimi təsnif edilən insidentin videosu da daxil edilib. Pentaqonun yayımladığı görüntülərdə gecə səmasında hərbi müşahidə vasitələri tərəfindən qeydə alınmış, nizamsız hərəkət edən parlaq obyekt görünür. Təsvir qeydlərində obyektin mənşəyini və xüsusiyyətlərini müəyyən etməyin mümkün olmadığı vurğulanır.
ABŞ prezidenti Donald Trump hələ aprelin sonunda bu məlumatların açıqlanacağını bəyan etmişdi.
O, həmçinin qeyd edib ki, yaxın keçmişdə UFO mövzusunu bu cür hadisələri müşahidə etmiş amerikalı hərbi pilotlarla da müzakirə edib. ABŞ prezidentinin sözlərinə görə, pilotlar inanılması mümkünsüz olan hallarla rastlaşdıqlarını bildiriblər.