AZ

Sosial şəbəkələrdəki saxta və “ideal” həyat gənclərdə özgüvənsizlik yaradır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son illər gənclər arasında panik atak, stress və müxtəlif psixoloji gərginlik halları daha çox müşahidə olunur. Mütəxəssislər bunu sosial şəbəkələrin təsiri, gələcək qorxusu, işsizlik, təhsil təzyiqi və sürətli həyat tərzi ilə əlaqələndirirlər. Bir çox hallarda isə gənclər psixoloji problemlərini gizlətməyə çalışır və vaxtında dəstək almırlar.Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında qeyd edib ki, gənclər arasında panik atak və psixoloji gərginliyin artmasının əsas səbəblərindən biri qeyri-sağlam və nizamsız həyat tərzidir:“Gündəlik rejimin olmaması, yuxusuzluq, fiziki hərəkətsizlik, qeyri-düzgün qidalanma və davamlı stress psixi sağlamlığı zəiflədir. Maddə və qeyri-maddə asılılıqlar artıq ciddi problemə çevrilib. Xüsusilə oyun asılılığı və sosial şəbəkələrdə saatlarla vaxt keçirmək gənclərin emosional vəziyyətini pozur. Bir çox gəncin həyatı tamamilə rəqəmsal mühit üzərində qurulub. Virtual aləmdə yaşayan insanın real həyatla sağlam əlaqəsi zəifləyir. Sosial münasibətlər azalır, ünsiyyət bacarıqları zəifləyir, tənhalıq və narazılıq hissi artır. Sosial şəbəkələrdə təqdim olunan saxta və “ideal” həyat görüntüləri gənclərdə özgüvənsizlik, özünü başqaları ilə müqayisə etmə və daimi narahatlıq yaradır”. O deyib ki, reallıq getdikcə illüziyalarla əvəz olunur:“Gələcək qorxusu, işsizlik, təhsil təzyiqi və sürətli həyat ritmi insan psixikasını davamlı gərgin vəziyyətdə saxlayır. Beyin fasiləsiz informasiya axını qarşısında yorulur. Nəticədə panik atak, təşviş, emosional tükənmişlik və depressiv hallar artır. Düşüncə və davranışlarda qeyri-adekvat dəyişikliklər müşahidə olunursa, bunu gizlətmək yox, vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır. Problemi görməzlikdən gəlmək vəziyyəti daha da ağırlaşdırır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr