Evin həbsxanasının 7-ci bölməsinin karantin hissəsində saxlanılan Güney Azərbaycan milli hərəkatının fəalları Abbas Lisani və Yusif Kari Əli Xeyircu və Behzad Dəşti ilə birlikdə Evin prokurorluğunun istintaq şöbəsinə çağırılıblar.
Lakin Abbas Lisani və Yusif Kari öz işləri üzrə aparılan istintaq və məhkəmə prosesini “şou xarakterli, qeyri-hüquqi və ədalətsiz” hesab etdiklərini bildirərək dindirmədə iştirakdan imtina ediblər.
Hər iki fəal bəyan edib ki, “ədalətsiz məhkəmə prosesi”nə etiraz olaraq heç bir istintaq və məhkəmə iclasında iştirak etməyəcək və “hakimiyyət şousu”nda yer almayacaqlar.
Məlumatlara görə, iş üzrə müstəntiq Yusif Kari üçün 6 milyard tümən məbləğində girov qərarı çıxarmışdı. Ailəsi girovu təmin edib bütün inzibati prosedurları tamamladıqdan sonra fəalın azadlığa buraxılmasını gözləyirdi. Lakin yaxınlarının sözlərinə görə, son anda müstəntiq “təhlükəsizlik qurumlarının” onun azadlığına qarşı çıxdığını bildirib.
Bunun nəticəsində girov prosesi tamamlanmasına baxmayaraq Yusif Karinin azadlığa buraxılması prosesi dayandırılıb və girov qərarı həbs qərarı ilə əvəz olunub. Fəalın yaxınları bu addımı “qanunsuz” adlandırıblar.
Abbas Lisani və Yusif Kari hələ də Evin həbsxanasının 7-ci bölməsinin 12-ci salonunda (karantin hissəsi) saxlanılır və həbs olunmalarından aylar keçməsinə baxmayaraq məhkəmə prosesi başa çatana qədər müvəqqəti azadlığa buraxılmayıblar. Halbuki həmin iş üzrə saxlanılan digər fəallar — Əli Xeyircu və Behzad Dəşti daha əvvəl hər biri üçün 6 milyard tümən girov qarşılığında azad ediliblər.
Bundan əvvəl Abbas Lisani ailəsi ilə telefon danışığında ayaq barmaqlarında keyimə, saxlanılarkən döyülmə nəticəsində yaranan şiddətli ağrılar və bel yırtığı probleminin ağırlaşması barədə məlumat vermişdi.
Fəallar bildiriblər ki, həbs olunduqları gündən etibarən prosesi “qanunsuz” hesab etdikləri üçün müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib və heç bir sorğuda iştirak etməyiblər.
Bu dörd fəal Tehran prokuroruna və Evin həbsxanasının rəisinə ayrı-ayrı məktublar göndərərək saxlanılarkən döyülmə nəticəsində aldıqları xəsarətlərin qeydə alınması üçün təcili şəkildə tibbi ekspertizaya göndərilmələrini tələb etmişdilər. Bir neçə gün sonra isə onlar Təhlükəsizlik Nazirliyinin 209 saylı təcridxanasına köçürülmüşdülər.
Qeyd edək ki, fəallar “qanunsuz qrup yaratmaq və ya üzv olmaq”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” və “ictimai asayişi pozmaq” kimi ittihamlarla üzləşiblər.
Qeyd edək ki, Abbas Lisani həbsindən iki gün əvvəl yaydığı mesajda belə demişdi:
“Əgər sabaha qədər azərbaycanlı aclıq aksiyası iştirakçılarının və onların ailələrinin tələblərinə baxılmasa, mən də birigün Evin həbsxanasının qarşısında onlara qoşulacağam.”
/Gunaz.tv