Braziliyada alimlər unikal elmi təcrübə aparıblar. Onlar yarpaqqıran qarışqalara məxsus nəhəng, tərk edilmiş yuva daxilinə 10 ton sement tökərək sonradan qazıntı nəticəsində tam bir yeraltı “şəhər” aşkar ediblər.
HİT.az xəbər verir ki, “timesofindia.com” saytının yazdığına görə, Braziliyanın Serrado regionunda professor Luis Karlos Forti və onun komandası Atta laevigata növünə aid, 500 kvadrat futdan (təxminən 46 kvadrat metr) böyük sahəni əhatə edən və 8 metr dərinliyə qədər uzanan bir yuva aşkarlayıb. Alimlər koloniyanın məkan strukturunu sabitləşdirmək üçün içəriyə 10 000 kiloqram sement töküblər. Qazıntılardan sonra isə milyonlarla qarışqanın yaşadığı mürəkkəb tunel şəbəkəsindən ibarət nəhəng “yeraltı şəhər” üzə çıxıb.
Tunellərlə yanaşı, alimlər müxtəlif funksiyalara malik çoxsaylı kameralar da müəyyən ediblər. Qarışqalar əsas qida mənbəyi olan göbələkləri yetişdirmək üçün oval formalı “göbələk kameraları” və həmçinin tullantı kameraları inşa ediblər. Tunellər isə təsadüfi şəkildə qazılmayıb; bu yollar “magistral” funksiyası daşıyaraq yarpaqların daşınmasını asanlaşdırır və yuva daxilində oksigen dövranını təmin edir.
“Insects Journal” jurnalında qeyd olunduğu kimi, bu nəhəng qarışqa yuvasının qurulması bütün koloniyanın birgə əməyini tələb edib və bu proses insanların Böyük Çin səddinin tikintisinə bənzədilib. Araşdırmalar göstərir ki, qarışqalar səthə təxminən 40 ton torpaq çıxarıblar. Yüksək dəqiqliklə formalaşmış tunellər üst təzyiqə davam gətirərək çökmələrin qarşısını alır. Nəticədə kraliça və onun nəsli yuvasının ən dərin hissələrində təhlükəsiz qalır.
“Brazilian Journal of Biology” jurnalında dərc edilən sement qəliblərinin elmi analizi göstərir ki, yuva təbii termorequlyasiya ventilyasiyası nəzərə alınaraq layihələndirilib. Tunellərin yerləşməsi “baca effekti” yaradır: göbələk kameraları və milyonlarla qarışqa tərəfindən yaranan istilik konveksiya axını formalaşdırır və səthdən təmiz oksigenin daxil olmasına şərait yaradır. Bundan əlavə, tullantı kameraları koloniyanın əsas hissəsindən uzaq və ya aşağı hissələrdə yerləşdirilib ki, parazit və xəstəliklərin yayılması minimuma endirilsin.
Samir