Premyer Liqanın başa çatmasına 3 tur qalmış çempionun adına aydınlıq gəldi.
Mövsümboyu inamlı çıxışı ilə alqışları haqq edən “Sabah” finişə üç həftə qalmış əsas rəqibi “Qarabağ”ı 13 xal qabaqlamaqla məqsədinə nail oldu.
Mayın13-də isə Azərbaycan kubokunun qalibinin adına aydınlıq gələcək. Ya “Sabah” ardıcıl ikinci dəfə qalib adını qazanacaq, ya da “Zirə” klub tarixində ilk dəfə titula yiyələnəcək.
31-ci turun yekununda, yəni finişə sayılı günlər qalmış digər suallara aydınlıq gələ bilər.
Beləliklə...
* ”Qarabağ” səfərdə “Qəbələ”ni məğlub etsə, mövsümü 2-ci pillədə başa vurması rəsmiləşəcək.
* “Turan Tovuz” “Karvan-Yevlax”ı udsa, mövsümü 3-cü pillədə başa vurması rəsmiləşəcək.
* “Karvan-Yevlax” Tovuzda məğlub olsa, “Qıəbələ” də “Qarabağ”a uduzmasa, Yevlax təmsilçisinin Premyer Liqa ilə vidalaşması rəsmiləşəcək.
* “Kəpəz” “Sabah”ı udsa, “Qəbələ” “Qarabağ”a uduzsa, “Kəpəz”in Premyer Liqadakı yerini qoruması rəsmiləşəcək.
Odur ki, 8-10 may tarixləri arasında baş tutacaq oyunlardan bir neçəsinin yekun nəticəsi hamısına olmasa da, bəzi suallara aydınlıq gətirəcək. Xüsusən son üç pillə ilə bağlı vəziyyət maraq doğurur.
Mayın 8-də “İmişli” – “Zirə”, “Sabah” – “Kəpəz”, ertəsi “Qəbələ” – “Qarabağ”, “Sumqayıt” – “Araz-Naxçıvan”, mayın 10-da “Turan Tovuz” – “Karvan-Yevlax”, “Neftçi” – “Şamaxı” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ