
5-8 may tarixlərində 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatının qalibləri bəlli olub.
Çempionatın yekun nəticələrinə əsasən “Ən yaxşı gənclər komandası” nominasiyası üzrə Serbiya təmsilçiləri birinci yerə layiq görülüblər. “Chefleen” komandası ikinci, “CÀSÀ” komandası isə üçüncü yeri tutub.
“Ən yaxşı peşəkar komanda” nominasiyasında “Hyatt Hotel” komandası birinci olub. “Chefleen” ikinci, “Novikov Group” isə üçüncü yerlə mükafatlandırılıb.
Fərdi kateqoriyalar üzrə “Gənclər arasında ən yaxşı ət yeməyi” nominasiyasında İbrahim Rəhimov, “Gənclər arasında ən yaxşı quş əti yeməyi” nominasiyasında Nail Bayramov və Rəhim Mustafayev, “Gənclər arasında ən yaxşı dəniz məhsulları yeməyi” nominasiyasında isə İnarə Səmədova fərqləniblər.
“Ən yaxşı milli komanda” nominasiyası üzrə Azərbaycan komandası birinci yerə layiq görülüb. Xorvatiya ikinci, “Kazakhstan Chefs Hub” komandası isə üçüncü yeri tutub.
Çempionatın əsas mükafatı olan “İlin qızıl aşpazı” adına Belarus təmsilçisi Voiçanka Katsiarina layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan çempionatda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edib.
Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxil edilib, innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilib.
6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlar olublar.
Xatırladaq ki, 2019-cu ildən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. “Wordlchefs” tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.
“Qızıl Şah” çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.





- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta