AZ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının PR kampaniyası əks-effekt verdi: müəllimlər etiraz etdi

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının özünün rəsmi sosial şəbəkə həsablarında qurumun fəaliyyətinə dair paylaşdığı PR xarakterli statistik posterlər gözlənilməz reaksiyalarla qarşılanıb.

Editor.az xəbər verir ki, İttifaqın müəllimlərin sosial müdafiəsi, asudə vaxtının təşkili, kurort və istirahət göndərişləri ilə bağlı fəaliyyətini əks etdirən paylaşımları onun əleyhinə çevrilib.

Belə ki, posterlərin şərh bölməsində onlarla müəllim narazılığını ifadə edib. Şərh yazanlar paylaşılan statistikanın həqiqəti əks etdirmədiyini, illərlə həmkarlar ittifaqına üzv olsalar da, qurumun imkanlarından faydalana bilmədiklərini bildiriblər. (Fotolar təqdim olunur).

Sosial şəbəkə istifadəçisi olan müəllimlər xüsusilə kurort və sanatoriya göndərişləri ilə bağlı çoxsaylı müraciətlərinin cavabsız qaldığını, çoxsaylı cəhdlərə baxmayaraq qeydiyyatdan keçə bilmədiklərini qeyd ediblər.

Bəzi istifadəçilər uzun illərdir pedaqoji fəaliyyət göstərmələrinə baxmayaraq, bir dəfə də olsun həmkarlar ittifaqının təqdim etdiyi sosial imkanlardan yararlanmadıqlarını yazıblar.

Şərhlərdə həmçinin ittifaqın yalnız statistik rəqəmlərlə aktiv fəaliyyət görüntüsü yaratmağa çalışdığı, lakin sıravi müəllimlərin problemlərinə real həll təqdim etmədiyi iddia olunub. Narazı müəllimlər paylaşılmış rəqəmlərin “şişirdilmiş” və “reallıqdan uzaq” olduğunu vurğulayıblar.

Qeyd edək ki, müəllimlərin etiraz dolu rəyləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, İttifaqın sədri Araz Paşayevdir.

Məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının mövqeyini də dərc edə bilərik.

//Editor.az

Seçilən
29
editor.az

1Mənbələr