AZ

Ali Radada yeni qanun LAYİHƏSİ: Qaqauzlara yerli xalq statusu VERİLİR

Ali Radada qaqauzların Ukraynanın yerli xalqı kimi tanınması təklif edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Ali Radasında qaqauzların ölkənin yerli xalqı kimi tanınması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.

Sənədin müəlliflərindən biri “Xalqın xidmətçisi” partiyasından olan deputat Ruslan Qorbenkodur. Qanun layihəsinin mətni hələlik dərc olunmayıb.

Qeyd edək ki, qaqauzlar Ukraynanın Odessa vilayətinin cənubunda və Moldovanın cənubunda yaşayan pravoslav xristian inancına malik türk xalqıdır.

2001-ci il siyahıyaalınmasına əsasən, Ukraynada təxminən 30 min qaqauz yaşayır. Moldovada isə onlar Qaqauziya bölgəsində muxtariyyətə malikdirlər.

2025-ci ilin payızında Ukraynanın xarici işlər naziri Sibiqa mədəni və diplomatik dialoq üçün onların əhəmiyyətini vurğulayaraq, qaqauzların ölkənin yerli xalqı kimi tanınmasını təklif etmişdi.

Xatırladaq ki, 2021-ci ildə Ali Rada “Ukraynanın yerli xalqları haqqında” qanunu qəbul edib. Həmin qanuna əsasən, Ukraynanın yerli xalqları sırasına krım tatarları, karaimlər və krımçaklar daxildir.

Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə qaqauzlar Ukraynada hüquqi olaraq “yerli xalq” statusu qazanacaqlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr