AZ

Hətta 40 yaşdan sonra bircə yıxılma belə həyəcan siqnalıdır: Slimlərin gözlənilməz kəşfi

40 yaşdan sonra baş verən hətta bircə yıxılma belə gələcəkdə demensiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. 

HİT.az xəbər verir ki, “The Independent” nəşrinin yazdığına görə, bu nəticəyə Çin alimləri genişmiqyaslı əvvəlki tədqiqatların təhlili əsasında gəliblər.

Çinin Çançun ənənəvi təbabət universitetinin alimləri müəyyən ediblər ki, 40 yaşdan sonra bir dəfə yıxılmaq demensiya riskini 20%-dən çox artırır. Əgər insan bir neçə dəfə yıxılırsa, bu göstərici 74%-ə qədər yüksələ bilər.

“Journal of Post-Acute and Long-Term Care Medicine” jurnalında dərc olunan araşdırmaya əsasən, təkrarlanan yıxılmalar neyrodegenerativ xəstəliklərin inkişaf riski yüksək olan insanları müəyyən etməyə kömək edən mühüm klinik göstərici ola bilər.

Demensiya və yıxılmaların yaşlanma ilə əlaqəsi artıq uzun müddətdir məlumdur və əvvəlki tədqiqatlar bu iki hal arasında mümkün ümumi nevroloji mexanizmlərə işarə edib.

Alimlər ehtimal edirlər ki, tez-tez yıxılmalar demensiyanın rəsmi diaqnozundan əvvəl baş verən erkən koqnitiv zəifləmənin əlaməti ola bilər. Eyni zamanda, artıq demensiyası olan insanlar da daha çox yıxılır, lakin hansı faktorun əvvəl baş verdiyi uzun müddət qeyri-müəyyən qalıb.

Yeni analiz çərçivəsində alimlər 40 yaşdan yuxarı, əvvəlində demensiyası olmayan təxminən 3 milyon insanın iştirak etdiyi 7 tədqiqatı araşdırıblar.

Təxminən 1,25 milyon iştirakçıda yıxılma tarixi olduğu müəyyən edilib və bu qrupda demensiyanın gələcəkdə yaranma tezliyi 11%-dən çox olub. 60 yaşdan yuxarı insanlarda isə bu göstərici 12,3%-ə çatıb.

Üç tədqiqatın ayrıca analizi göstərib ki, bir yıxılma demensiya riskini təxminən 20%, bir neçə yıxılma isə 74% artırır.

Alimlərin fikrincə, bu, “doza-reaksiya effekti” adlanan bir əlaqəni göstərir: yıxılmaların sayı artdıqca demensiya riski də yüksəlir.

Tədqiqatçılar bu əlaqəni bir neçə mümkün səbəblə izah edirlər. Bir ehtimala görə, yıxılma nəticəsində alınan zədələr koqnitiv zəifləməni sürətləndirə bilər. Digər ehtimala görə isə neyrodegenerativ proseslər artıq çox əvvəl başlayır və tarazlıq, koordinasiya pozuntuları ilk əlamətlərdən biri olur.

Bundan əlavə, alimlər “qapalı dairə” effektini də istisna etmirlər: yıxılmadan sonra insanlar yenidən yıxılmaqdan qorxaraq daha az hərəkət edir və sosial aktivliklərini azaldır. Halbuki fiziki aktivlik və sosial əlaqələr demensiyadan qoruyan əsas amillərdən sayılır.

Tədqiqat müəllifləri həkimləri orta və yaşlı insanlarda təkrarlanan yıxılma tarixçəsinə daha diqqətlə yanaşmağa çağırırlar. Onların fikrincə, bu, demensiyanın erkən mərhələdə aşkar edilməsinə və profilaktik tədbirlərin vaxtında görülməsinə kömək edə bilər.

Samir
 

Seçilən
21
hit.az

1Mənbələr