AZ

Ənənəvi əyləc sistemləri tarix olur

Əyləc sistemləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “Brembo” ənənəvi hidravlik əyləcləri tam elektron idarəetmə sistemi ilə əvəz edən “Sensify” texnologiyasını seriya istehsalı avtomobildə tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, yeni sistem hər təkərə tətbiq olunacaq əyləc gücünü ayrıca hesablayır. Sistem sürücünün pedala basma səviyyəsi ilə yanaşı, yol şəraiti, avtomobilin sürəti və ətraf mühit faktorlarını da analiz edərək hər təkərə fərqli əyləc gücü göndərir. Şirkətin məlumatına görə, bu texnologiya avtomobilin stabilliyini artırır və qəfil əyləcləmə zamanı sərnişinlərin hiss etdiyi kəskin sarsıntını minimuma endirir. Bundan başqa, sistemdə əyləc mayesi istifadə olunmadığı üçün texniki xidmət xərclərinin azalacağı və təkərlərin daha az aşınacağı bildirilir.Yeni texnologiya bəzi sürücülərdə təhlükəsizlik narahatlığı da yaradıb. Ekspertlər hesab edir ki, tam rəqəmsal idarə olunan əyləc sistemində mümkün texniki nasazlıq ciddi risk yarada bilər. Lakin “Brembo” bildirib ki, sistem uzun illər sınaqdan keçirilib və bir neçə ehtiyat təhlükəsizlik mexanizmi ilə təchiz olunub.

Qeyd edək ki, “Sensify” texnologiyası ilk dəfə 2021-ci ildə təqdim edilmişdi. Şirkət hələlik bu sistemin hansı avtomobil markasında istifadə olunacağını açıqlamayıb. Bununla belə, “Tesla”, “Ferrari” və “Maserati” ilə əməkdaşlıq ehtimalı diqqət çəkir.

Seçilən
72
metbuat.az

1Mənbələr