Rusiyalı biznesmen Yevgeni Çiçvarkin internet bloklamaları, Rusiyada qorxu atmosferi və Kreml elitalarının davranışı ilə bağlı sərt açıqlamalar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Rusiyada repressiyaların daha da sərtləşəcəyini iddia edib.
“İnsan hər şeyə öyrəşir”
Çiçvarkin bildirib ki, internet məhdudiyyətləri ilə bağlı ilk günlərdə cəmiyyətdə ciddi narazılıq olsa da, bu dalğa tez səngiyib.
Onun sözlərinə görə, əvvəlcə bir sıra tanınmış şəxslər – İda Qaliç, Svetlana Bondarçuk, Ptaxa və digərləri internetlə bağlı etiraz videoları paylaşsalar da, sonradan mövzu gündəmdən çıxıb.
Biznesmen bunu belə izah edib: “İnsan hər şeyə alışır, tarakan kimi.”
Onun fikrincə, sosial şəbəkələrdə narazılıq bildirmək hələ etiraz demək deyil: “Etiraz hərəkətdir, sadəcə status yazmaq yox.”
“İnterneti tam bağlasalar da qəbul edəcəklər”
Çiçvarkin hesab edir ki, Rusiyada internet tam bağlansa belə, əhali buna da uyğunlaşacaq: “Hər şeyi udacaqlar. Tamamilə hər şeyi.”
O bildirib ki, sərbəst ünsiyyət kanalları məhdudlaşdırıldıqca insanlar bir-biri ilə əlaqə qurmaq imkanını itirir və cəmiyyət tədricən yeni qadağalara alışdırılır.
“Müharibəni əsasən qazananlar dəstəkləyir”
Onun sözlərinə görə, müharibəni həqiqətən dəstəkləyənlər əsasən, bundan pul qazananlar və “radikal təbliğatın təsiri altında olanlar”dır.
Çiçvarkin hesab edir ki, Rusiyada real müharibə dəstəyi təxminən 25–30% civarındadır. Lakin avtoritar sistemdə insanlar sorğularda həqiqəti deməyə qorxur.
“Kremldəkilər hər şeyi anlayır”
Biznesmen iddia edib ki, Kreml ətrafındakı elitalar vəziyyətin fərqindədir:
“Onlar hər şeyi başa düşürlər və qorxu içindədirlər.”
Onun sözlərinə görə, həmin şəxslər sistemi tərk etməyin təhlükəli olduğunu düşündükləri üçün başqa yol seçiblər: mövqelərindən maksimum qazanc götürmək və diqqət çəkməmək.
“Prezident Administrasiyası FTX-yə uduzub”
Çiçvarkin hesab edir ki, Rusiyada əsas güc artıq FTX-nin əlində cəmləşir.
Onun fikrincə, sistem getdikcə daha çox bir nəfərin – Vladimir Putin-in ətrafında mərkəzləşir.
O bildirib ki, Putinə birbaşa çıxışı olan əsas şəxslər: köhnə FSB dostları və və prezidentin sağlamlığı ilə məşğul olan həkimlərdir.
“Daha sərt dövr gəlir”
Çiçvarkin bugünkü Rusiyanı hələlik tam Stalin dövrü ilə müqayisə etməsə də, istiqamətin daha sərt repressiyalara doğru getdiyini bildirib.
Onun sözlərinə görə, sanksiyalar, azadlıqların azalması, xarici müharibə, daxili nəzarətin güclənməsi, ölkəni gec sovet dövrünə bənzədir.
Biznesmen hesab edir ki, yaxın illərdə hətta yumşaq müxalif fiqurlar belə təzyiq altına düşəcək.
O, Yekaterina Duntsova, Boris Nadejdin və Lev Şlosberq kimi şəxslərin gələcəkdə ya ölkəni tərk etməyə, ya da həbsə məcbur ediləcəyini düşünür.
“Sistem getdikcə daha aqressiv olacaq”
Çiçvarkin sonda bildirib ki, Rusiyada “qaynama temperaturu” getdikcə aşağı düşür: “Dünən normal sayılan şey sabah cinayət işi üçün əsas ola bilər.”
Onun fikrincə, yaxın gələcəkdə sistemin yumşalması deyil, əksinə, azadlıqların daha da məhdudlaşdırılması gözlənilir.
Musavat.com