İkinci Dünya müharibəsi XX əsrin ən sarsıdıcı və miqyas baxımından ən geniş münaqişəsi olmaqla yanaşı, beynəlxalq sistemin dərin struktur böhranının nəticəsi kimi meydana çıxmış qlobal faciə idi. 1 sentyabr 1939-cu ildə nasist Almaniyasının Polşaya hücumu ilə başlayan bu müharibə qısa müddətdə regional qarşıdurmadan dünya miqyaslı münaqişəyə çevrildi. Müharibəyə 60-dan çox dövlət cəlb olunmuşdu ki, bu da dünya əhalisinin təxminən 80 faizini əhatə edirdi. Döyüş əməliyyatları Avropa, Asiya və Afrika qitələrində, eləcə də Atlantik, Sakit, Hind və Şimal Buzlu okeanlarında aparılırdı. Ümumilikdə 40-a yaxın dövlətin ərazisi birbaşa müharibə zonasına çevrildi. Müharibə zamanı təxminən 110 milyon nəfər silahlı qüvvələrə səfərbər olundu. Canlı itki sayı dəqiq müəyyənləşdirilməsə də, 60-70 milyon insanın həlak olduğu qəbul edilir və bir çox tədqiqatlar bu rəqəmin daha yüksək olduğunu göstərir.
Siyasi və ideoloji səbəblər: Versal sistemindən totalitarizmə
Müharibənin əsas səbəblərindən biri Versal müqaviləsi ilə yaradılmış ədalətsiz beynəlxalq sistem idi. Almaniyanın ağır təzminat öhdəlikləri, ərazi itkiləri və hərbi məhdudiyyətləri cəmiyyətdə dərin narazılıq və alçaldılmışlıq hissi yaratdı. Bu psixoloji və sosial mühit revanşist ideyaların yayılmasına səbəb oldu ki, nəticədə Adolf Hitler rəhbərliyində nasizm gücləndi. Eyni dövrdə İtaliyada faşizm, Yaponiyada isə militarizm ideologiyaları yüksələrək beynəlxalq sistemdə təcavüzkar güc mərkəzlərinin formalaşmasına gətirib çıxardı.
ARAYIŞ: Faşizm Birinci Dünya müharibəsindən sonra Avropada yaranmış radikal millətçi və totalitar siyasi ideologiyadır. Bu cərəyan rəsmi olaraq 1919-cu ildə Benito Mussolini tərəfindən İtaliyada “Döyüş dəstələr” təşkilatının qurulması ilə formalaşmağa başladı. İdeologiyanın adı latınca "fasces" (birliyə və gücə işarə edən, ortasında balta olan çubuq bağlaması) pfadəsindən götürülüb. Faşizmin yüksəlişi üçün əsas zəmin 1929-cu ildə başlayan “Böyük depressiya” oldu. İqtisadi böhran nəticəsində işsizlik İtaliyada kəskin artmış, Almaniyada isə 1932-ci ildə işsizlərin sayı 6 milyona çatmışdı. Bu xaos mühitindən istifadə edən faşist və nasist partiyaları sürətlə gücləndi.
Faşizmin dövlət idarəçiliyinə çevrilməsi bir neçə mərhələdə baş verdi. 1922-ci ildə İtaliyada Mussolini hakimiyyəti ələ keçirdi. Almaniyada isə bu ideologiyanın ən radikal forması olan nasizm 1933-cü ilin yanvarında Adolf Hitlerin kansler təyin edilməsi ilə dövlət siyasətinə çevrildi. Faşizm fərdi azadlıqları tamamilə rədd prinsipinə əsaslanırdı. Məsələn, Mussolininin hakimiyyəti dövründə İtaliyada 1926-cı ildə bütün müxalif partiyalar qadağan edildi. Almaniyada isə 1934-cü ildə "Uzun bıçaqlar gecəsi" əməliyyatı ilə partiyadaxili müxalifət fiziki olaraq məhv edildi. Bu ideologiya qısa müddətdə bütün Avropaya yayıldı. İspaniyada Fransisko Franko 1936-1939-cu illər vətəndaş müharibəsindən sonra faşist tipli diktatura qurdu.
Total müharibə və qlobal cəbhələrin formalaşması
Müharibə qısa müddətdə total xarakter aldı. Sənaye və iqtisadiyyat hərbi məqsədlərə yönəldildi, mülki əhali isə birbaşa hədəfə çevrildi. Almaniyanın Avropadakı sürətli işğalları, 1941-ci ildə SSRİ-yə hücumu və eyni ildə Pörl Harbor hücumu nəticəsində ABŞ-ın müharibəyə qoşulması münaqişəni qlobal mərhələyə daşıdı. Asiyada Yaponiyanın genişlənməsi və Sakit okean cəbhəsinin açılması müharibənin coğrafiyasını daha da genişləndirdi.
İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də rəsmən başa çatsa da, onun yaratdığı acı fəsadlar onilliklər boyu dünyanı öz təsiri altında saxlamağa davam etdi. Müharibənin gətirdiyi fəsadlar insanlıq üçün misli görünməmiş faciə idi. On milyonlarla insanın həyatına son qoyan bu qanlı münaqişədə itkilərin böyük əksəriyyəti, təəssüf ki, müdafiəsiz qalan mülki əhali arasında oldu. İnsan itkilərinin miqyası ölkələr üzrə müxtəlif olsa da, onların hər biri dərin demoqrafik izlər buraxdı. SSRİ 26,6 milyon insan itkisi ilə müharibədə ən ağır zərbəni alan dövlət oldu. Asiya cəbhəsində isə Çində təxminən 5 milyon hərbi itki ilə yanaşı, aclıq, xəstəlik və işğalçıların repressiv siyasəti nəticəsində 18 milyona yaxın mülki şəxs həlak oldu. Avropa məkanında Polşa əhalisinin təxminən 17 faizini, yəni 6 milyon insanını itirərək ən ağır demoqrafik zərbəyə məruz qalan ölkələrdən oldu. Almaniya və müttəfiqləri 8-13 milyon, Yaponiya 2,5-3 milyon, Yuqoslaviya isə 1,7 milyonluq itki ilə müharibədən çıxdı. Qərbi Avropa ölkələri də bu qlobal fəlakətdən kənarda qalmadı. Fransa 567 min (200 min hərbçi, 367 min mülki), Böyük Britaniya isə 450 min (380 min hərbçi, 70 min mülki) vətəndaşını itirdi. ABŞ isə əsasən hərbi itkilər olmaqla 418 min itki verdi.
Holokost və nüvə dövrünün başlanğıcı
İkinci Dünya müharibəsində konsentrasiya düşərgələri və qaz kameraları insanlıq tarixində görünməmiş qəddarlığın simvoluna çevrildi və bu sistemli məhv siyasəti Holokost çərçivəsində milyonlarla insanın həyatına son qoydu. Holokost bəşəriyyətin ən dəhşətli faciələrindən biri olaraq, nasist Almaniyasının sistemli şəkildə yürütdüyü soyqırımı siyasətinin acı nəticəsidir. Bu qaranlıq dövrdə yaradılan Auşviç-Birkenau, Treblinka, Sobibor və Maydanek kimi ölüm düşərgələri milyonlarla insanın kütləvi şəkildə məhv edildiyi ölüm fabriklərinə çevrilmişdi. 1945-ci ildə bu düşərgələrə daxil olan ilk sovet əsgərləri gözlənilməz və sarsıdıcı mənzərə ilə qarşılaşdılar. Düşərgəyə girən sovet zabitlərindən biri həmin anı belə təsvir edirdi: "Bizim qarşımızda dayanan insanlar artıq canlı deyildilər. Onlar sadəcə quru sümük yığınını xatırladan, gözlərində işıq sönmüş ruh kölgələri idi. Havada yanan insan əti və kimyəvi maddələrin ağır, boğucu qoxusu var idi. Hər tərəf insanların şəxsi əşyaları, saçları və yarımçıq qalmış həyatlarının qalıqları ilə dolu idi. Bu, insanın bəşər övladına vurduğu ən böyük yara idi və biz bunu heç vaxt unuda bilməyəcəyik".
Atom erası: Xirosima və Naqasaki fəlakəti
Eyni zamanda, Xirosima və Naqasakiyə atom bombalarının atılması müharibənin yeni, daha təhlükəli mərhələsini nümayiş etdirdi. Nüvə silahının istifadəsi yalnız ani dağıntılarla məhdudlaşmadı, həm də uzunmüddətli radiasiya təsirləri ilə milyonlarla insanın həyatına və sağlamlığına təsir göstərdi. 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan atom bombaları bəşəriyyəti müharibənin yeni, daha dağıdıcı mərhələsi olan nüvə dövrünə daxil etdi. Avqustun 6-da Xirosimaya atılan "Little Boy" (Uran) və avqustun 9-da Naqasakiyə atılan "Fat Man" (Pluton) bombaları təkcə hərbi hədəfləri deyil, bütöv bir şəhər infrastrukturunu və mülki əhalini saniyələr içində məhv etdi. Bu hadisə texnoloji inkişafın nəzarətsiz qaldıqda insanlıq üçün necə dəhşətli ekzistensial təhlükəyə çevrilə biləcəyini göstərən ən ağır sübutudur. Hər iki şəhərdə baş verən dağıntılar yüksək istilik dalğası və zərbə gücü 1.6 kilometr radiusda olan hər şeyi yerlə-yeksan etdi. Bunun ardınca gələn radiasiya fəsadları on minlərlə insanın həyatına uzun illər boyu davam edən ağrılar və genetik qalıcı zərərlər əlavə etdi. Rəsmi rəqəmlər göstərir ki, Xirosimada ani və sonrakı illərdə ümumilikdə 140 minə yaxın, Naqasakidə isə 74 minə yaxın insan həlak olub.
İqtisadi dağıntılar
İkinci Dünya müharibəsi həm də misilsiz iqtisadi dağıntılarla yadda qaldı. Qlobal iqtisadiyyatın ümumi itkiləri 4 trilyon dollardan çox qiymətləndirilir ki, bu da XX əsrin ilk yarısı üçün görünməmiş miqyas hesab olunur. Müharibə zamanı 10000-dən çox yaşayış məntəqəsi dağıntıya məruz qaldı, yüzlərlə şəhər demək olar ki, tamamilə yerlə-yeksan edildi. Nəqliyyat infrastrukturu geniş şəkildə məhv edildi ki, bu da iqtisadi fəaliyyətin bərpasını daha da çətinləşdirdi.
Müharibədən sonra bir çox ölkə iqtisadi dirçəliş üçün xarici yardıma ehtiyac duydu. Bu kontekstdə ABŞ-ın “Marşal planı” (Marşal tələsi?! – red.) Qərbi Avropanın bərpasında mühüm rol oynadı və regionda iqtisadi sabitliyin yenidən qurulmasına təkan verdi. Eyni zamanda, Almaniya və Yaponiya kimi ölkələr müharibədən sonra sürətli inkişaf mərhələsinə daxil oldular, lakin bu proses uzunmüddətli struktur islahatlar və beynəlxalq dəstək nəticəsində mümkün oldu.
Müharibədən sonrakı dünya nizamı və Birləşmiş Millətlər Təşkilatı
Müharibənin başa çatması ilə dünya siyasi baxımdan köklü şəkildə dəyişdi. 1945-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı və beynəlxalq sülhün qorunması üçün yeni mexanizm formalaşdırıldı. Lakin bu əməkdaşlıq uzunmüddətli olmadı. Qısa müddət sonra ABŞ və SSRİ arasında “Soyuq müharibə” başladı və dünya iki ideoloji blok üzrə bölündü. Bu qarşıdurmanın əsas mahiyyəti kapitalizm və sosializm ideologiyaları arasındakı ziddiyyət idi. ABŞ liberal-demokratik və bazar iqtisadiyyatı modelini müdafiə edir, SSRİ isə mərkəzləşdirilmiş planlı iqtisadiyyat və kommunist sistemini yaymağa çalışırdı. Bu fərq beynəlxalq münasibətləri iki blok üzrə qütbləşdirdi. Avropa Soyuq müharibənin əsas geosiyasi mərkəzinə çevrildi. Qitənin Şərq və Qərb olmaqla bölünməsi, xüsusilə Almaniyanın bölünməsi, bu ideoloji qarşıdurmanın simvolu oldu.
Cinayətin cəzası: Nürnberq tribunalı
Müharibədən sonra nasist cinayətlərinə hüquqi qiymət vermək məqsədilə Nürnberq prosesi keçirildi. 20 noyabr 1945-ci ildən 1 oktyabr 1946-cı ilədək davam edən bu tribunal beynəlxalq hüquqda ilk dəfə “insanlıq əleyhinə cinayətlər” anlayışını təsbit etdi və dövlət rəhbərlərinin fərdi məsuliyyət prinsipini formalaşdırdı. Prosesin ağırlıq yükünü əks etdirən rəqəmlər onun miqyasından xəbər verir. 24 nasist lideri və 8 cinayətkar təşkilatın mühakimə olunduğu tribunalda 12 nəfər edam, 7 nəfər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edildi, proses çərçivəsində on minlərlə sənəd, foto və video sübutla nasist rejiminin sistematik cinayətləri rəsmi olaraq arxivləşdirildi.
ARAYIŞ: Əgər Adolf Hitler İkinci Dünya müharibəsinin sonunda intihar etməyib sağ ələ keçirilsəydi, onun aqibəti Nürnberq tribunalında formalaşan hüquqi prinsiplərə əsasən, ən ağır cəza – ölüm hökmü olardı. Nürnberq prosesində tətbiq edilən "sülh əleyhinə cinayətlər", "müharibə cinayətləri" və ən əsası "insanlıq əleyhinə cinayətlər" kateqoriyaları üzrə irəli sürülən ittihamlar rejimin birbaşa memarı və rəhbəri olan Hitler üçün şübhəsiz ki, ən yüksək məsuliyyət doğururdu. O dövrün hüquqi müstəvisində, tribunalın əsas təşəbbüskarı olan müttəfiq dövlətlərin (ABŞ, Böyük Britaniya, SSRİ və Fransa) ümumi rəyi, kütləvi qırğınların və müharibənin miqyası nəzərə alınmaqla, onun ömürlük həbs və ya sürgün kimi daha mülayim cəzalarla məhdudlaşdırılmasını qəbulolunmaz sayırdı. Odur ki, hətta beynəlxalq hüququn o dövr üçün yeni olan "fərdi məsuliyyət" prinsipi tətbiq edilsəydi belə, Hitlerin törətdiyi cinayətlərin həcmi və onların sistemli xarakteri məhkəmənin yalnız ən ali cəza olan edam hökmünə gətirib çıxaracağı hüquqi baxımdan qaçılmaz hesab olunurdu.
İkinci Dünya müharibəsi və Azərbaycan
II Dünya müharibəsi Azərbaycan getməyə məcbur olduğu ağır, amma həm də şərəfli yol idi. Faşist Almaniyasının “Barbarossa” planına əsasən, 1941-ci il iyunun 22-si səhər obaşdan SSRİ-yə hücumu ilə başlayan bu mərhələ Azərbaycan üçün “Böyük Vətən müharibəsi” deyilən (SSRİ-nin təbliğat maşını sovet xalqının ümumi mənafeyi naminə cahan savaşını belə qələmə verirdi) çevrildi. Hitler hələ 1940-cı ilin iyulunda Bakı neftini ələ keçirməyi müharibənin taleyini həll edəcək əsas hədəf kimi seçmişdi. Bu məqsədlə Rozenberqin Şərq İşləri üzrə Nazirliyi nəzdində Qafqaz Komissarlığı yaradılmış və Bakının işğalı 1941-ci ilin sentyabrının axırına planlaşdırılmışdı.
Bakı nefti müharibənin gedişatında həlledici amil idi. Hitlerin feldmarşal Manşteynə dediyi bu cümlə Bakının almanlar üçün nə qədər önəm kəsb etdiyini başa düşməyə imkan verir: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”. Faşistlər Bakının alınacağına o qədər əmin idilər ki, üzərində Xəzər dənizi və Bakı təsvir edilmiş xüsusi tort hazırlamışdılar. 1942-ci il iyulun 23-də imzalanan 45 nömrəli direktiv ilə təsdiqlənmiş "Edelveys" planı Bakı, Maykop və Qroznı neft rayonlarının işğalını nəzərdə tuturdu. Müharibə illərində Baltik dənizindən Qara dənizə qədər uzanan cəbhənin yanacaq ehtiyacının 80, sürtkü yağlarının isə 90 faizini Azərbaycan təmin edirdi. 1940-1945-ci illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.
Qələbənin bədəli Azərbaycan üçün ağır oldu
Müharibənin ilk günlərindən etibarən Azərbaycan SSR ərazisində fövqəladə vəziyyət və ümumi səfərbərlik elan edilməsi xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirdi. Cəbhə xəttindən uzaqda yerləşməsinə baxmayaraq, respublikada daxili asayişin qorunması və mümkün təxribatların qarşısının alınması üçün qısa müddət ərzində 87 qırıcı batalyon və 1124 özünümüdafiə dəstəsi təşkil olundu ki, bu da yerli əhalinin müdafiə qabiliyyətini yüksək səviyyəyə qaldırdı. 1941–1945-ci illəri əhatə edən qanlı savaş dövründə Azərbaycanın şəhər və kəndlərindən 600 mindən çox gənc oğlan və qız vətənpərvərlik hissi ilə cəbhəyə yollanmışdı. Onların arasında nəinki peşəkar hərbçilər, həm də könüllü olaraq silaha sarılan müəllimlər, tələbələr və fəhlələr var idi ki, bu da müharibənin Azərbaycan xalqı üçün ümummilli mübarizəyə çevrildiyinin sübutu idi.
Təəssüf ki, göstərilən bu misilsiz şücaət xalqımız üçün çox ağır bədəl hesabına başa gəldi. Cəbhəyə yollananların təxminən 300 min nəfəri, yəni yarısı döyüş meydanlarında qəhrəmancasına həlak oldu və ya itkin düşdü. O dövrdə Azərbaycan övladlarının göstərdiyi rəşadət dövlət tərəfindən yüksək qiymətləndirildi: 128 azərbaycanlı döyüşçü SSRİ-nin ən ali hərbi mükafatı olan “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görüldü. Lakin qazanılan bu şərəf və qələbə sevinci respublikanın yaşadığı faciənin miqyasını ört-basdır edə bilməzdi... Əmək qabiliyyətli və gənc nəslin böyük bir hissəsinin itirilməsi ölkənin həm iqtisadi potensialına, həm də gələcək demoqrafik artım tempinə onilliklər boyu mənfi təsir göstərən sarsıdıcı zərbə oldu.
Qafqazdan Berlinə qədər uzanan döyüş yolu
Döyüş meydanlarında Azərbaycan milli diviziyalarının göstərdiyi rəşadət əsl əfsanəyə çevrilmişdi. 77-ci milli atıcı diviziyası (Simferopol diviziyası) Krım, Taman və Sevastopolun azad edilməsində fərqlənmiş, serjant Əbdüləziz Qurbanov 1943-cü ildə Sapunqarada qələbə bayrağını sancmışdır. 223-cü diviziya Mozdokdan başlayaraq Belqrad və Vyanaya qədər döyüş yolu keçmiş, general Heybət Heybətovun komandanlığı altında böyük uğurlar qazanmışdı. 402-ci diviziya Şimali Qafqazda, Terek çayı sahilində düşmənə ağır zərbələr endirmişdi. 416-cı Taqanroq diviziyası isə Qafqazdan Berlinə qədər 2500 kilometr məsafəni döyüşlərlə qət edərək, Berlinin süqutunda və Brandenburq darvazası üzərində qələbə bayrağının sancılmasında xüsusi fəallıq göstərib. Marşal Jukov bu diviziyanın Berlindəki fəaliyyətini yüksək qiymətləndirib. Şəxsi qəhrəmanlıqlar sırasında ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Pustinka kəndi yaxınlığındakı 10 saatlıq qeyri-bərabər döyüşü, təyyarəçi Hüseynbala Əliyevin Leninqrad səmasında 17 yara almasına baxmayaraq, təyyarəsini salamat yerə endirməsi və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun tank birləşmələrinin manevrləri tarixin qızıl səhifələridir.
Partizan hərəkatı və Avropadakı müqavimət hərəkatında azərbaycanlılar geniş coğrafiyada fəaliyyət göstərdilər. Novxanılı Mehdi Hüseynzadə ("Mixaylo") Yuqoslaviya və İtaliya ərazisində faşistlərə qan udduran kəşfiyyat-diversiya əməliyyatları ilə dünya tarixinə keçmişdir. Fransanın Rodez şəhəri yaxınlığında şəkili Əhmədiyyə Cəbrayılov, Hüseynrza Məmmədov və digərləri fransız partizanları ilə çiyin-çiyinə vuruşmuşdular. Polkovnik Rişardın “Fransa azərbaycanlıların igidliyini unutmayacaq” sözləri bu dostluğun sübutudur. Arxa cəbhədə isə Azərbaycan qadınları gecə-gündüz çalışaraq cəbhəyə 130-dan çox növ silah və sursat hazırlamışdılar. Xalq könüllü şəkildə cəbhəyə öz şəxsi vəsaitindən – ailə büdcəsindən, qız-gəlinin cehizliyindən müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş və 320 millyon rubl ianə edib. Döyüşlərdə yaralanmış 440 min nəfər Bakı hospitallarında müalicə olunub. Müharibə nəticəsində Azərbaycan 300 mindən çox övladını itirsə də, öz tarixi missiyasını şərəflə yerinə yetirib.
Nəticə
İkinci Dünya müharibəsi bəşəriyyəti faşizm taunundan xilas etməklə yanaşı, həm də köhnə müstəmləkə imperiyalarının süqutuna və bu gün nizamı pozulmuş BMT-nin yaranmasına rəvac verən dönüş nöqtəsi oldu. Bakı nefti olmasaydı, müharibənin taleyi tamamilə fərqli istiqamətdə inkişaf edər, nəinki SSRİ-nin superdövlətə çevrilməsi, hətta bugünkü demokratik Avropa modelinin bərpası belə böyük ölçüdə mümkün olmazdı. Beləliklə, qlobal miqyasda qazanılan hərbi zəfər və ondan sonra formalaşan iqtisadi-siyasi sabitlik birbaşa Azərbaycanın enerji resurslarının və elmi potensialının üzərində ucaldı.
Nəticə etibarilə, İkinci Dünya müharibəsi Azərbaycanın həm strateji gücünü, həm də sarsılmaz milli iradəsini beynəlxalq miqyasda təsdiqlədi. Müharibənin gətirdiyi dekolonizasiya ruhu və cəbhədə bərkiyən milli özünüdərk onilliklər sonra müstəqilliyimizin bərpası üçün zəruri olan mənəvi sütunları formalaşdırdı. Bu gün Azərbaycanın beynəlxalq arenadakı çəkisi və nüfuzu 1941–1945-ci illərdə bəşəriyyət qarşısında yerinə yetirilmiş o böyük xilaskarlıq missiyasının məntiqi davamıdır. Xalqımızın bu fədakarlığı dünya sivilizasiyasının Azərbaycan qarşısındakı silinməz tarixi borcu, gələcək nəsillər üçün isə qürur mənbəyidir.
XQ-nin Analitik Mərkəzi