AZ

Rahibə Əliyeva: Əcəmi Naxçıvani Azərbaycan memarlığında intibah dövrünün əsas simalarındandır

Bakı, 9 may, AZƏRTAC

Əcəmi Naxçıvani XII əsr Azərbaycan memarlığının ən görkəmli simalarından biridir. O, həm Naxçıvan memarlıq məktəbinin formalaşmasında, həm də Azərbaycanda intibah dövrünün yaranmasında mühüm rol oynayıb. Onun yaradıcılığından dövrümüzə Yusif Küseyir oğlu türbəsi və Möminə xatun türbəsi kimi möhtəşəm memarlıq abidələri gəlib çatıb. Bununla yanaşı, Cümə məscidi, Qoşa minarəli portal, Atabəylər saray kompleksi və digər tikililər kimi dövrümüzə gəlib çatmayan memarlıq nümunələri də mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi Rahibə Əliyeva deyib.

O bildirib ki, Əcəmi Naxçıvaninin yaradıcılığı təkcə Azərbaycan deyil, bütövlükdə yaxın Şərq memarlığına da ciddi təsir göstərib. Rahibə Əliyevanın sözlərinə görə, bu istiqamətdə araşdırmaların davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

Kitabın hazırlanma prosesi barədə danışan müəllif qeyd edib ki, nəşr üzərində işləyərkən ilk növbədə elmi ədəbiyyata müraciət olunub. O vurğulayıb ki, Əcəmi Naxçıvaninin yaradıcılığı bundan əvvəl də tədqiq edilib və bu istiqamətdə professor Əbdülvahab Salamzadə ilə Cəfər Qiyasinin mühüm araşdırmaları mövcuddur.

“Eyni zamanda arxiv materiallarından istifadə etmişəm, Naxçıvanda olmuşam, abidələr üzərində tədqiqatlar aparmışam”, – deyə Rahibə Əliyeva əlavə edib.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Orxan Kərimov
Seçilən
41
1
azertag.az

2Mənbələr