AZ

Atma yaşıdına şıllaq, yemə şallaq – Sinqapur örnəyi

Sinqapurda haqqın yolunu tapıblar: 9 yaşından yuxarı oğlan şagirdlər məktəbə ta-tuşlarına qarşı bullinq eləsələr, şallaqlanacaqlar.

“Şallaqlanacaqlar” deyəndə gözünüzün qabağına İranda küçədə içkili tutulan şəxslərin camaat baxa-baxa şallaqlanması prosesi gəlməsin. Sinqapurda dəcəllik edən gədələrə cəmi 3 şallaq vurulacaq. Təhsil Nazirliyinin təsdiqlənmiş qərarı belədir.

Həm də şallaq cəzası haqda qərar kollegial şəkildə veriləcək. Yoxsa hər müəllim əlində şallaq gəzməyəcək və xoşuna gəlməyən azyaşlını şallaqlamayacaq.

Nazir Desmond Li bildirib ki, fiziki cəza direktor tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllimlər tərəfindən tətbiq olunmalıdır. Güman ki, həmin müəllimin adı uşaqlar və valideynlər tərəfindən “Şallaq müəllim” və ya “Şallaqlı müəllim” qoyulacaq.

Gözəl xəbərdir, deyilmi? Nümunədir, örnəkdir, pilot layihədir. Sulutəpə boyda bir yerdə dünyanın ən firavan dövlətlərindən birini yaradan sinqapurlular bir şey bilirlər ki, belə edirlər.

Buradan belə çıxır ki, bullinq (məktəbdə şagird zorakılığı) deyilən andır A.-dan (ABŞ-dən) tutmuş da Z.-yə (Zimbabveyə) qədər bütün ölkələrdə var. Uşaqdır, nəbaliğdir (həddi-büluğa çatmayan) deyib xəfifə almayın, o da insan övladıdır və içində zəifi incitmək, fağırı qapazlamaq, mülayimə şıllaq atmaq kimi arzular, ehtiraslar daşıyır.

Böyüklər daha anlaqlıdırlar, məsuliyətlidirlər, başa düşürlər ki, hər istəyəndə belə şeylər etsələr, “Fiat-Dobla” gələr, onların qollarını burarlar, başlarından basıb maşına mindirərlər və aparıb içəridə başa salarlar ki, elə etmək olmaz. Amma uşaqlarda o qanacaq yoxdur. Birinin sol biləyi sağ ovcuna yoğun gələn kimi, düşünür ki, nədən o küncdə duran eynəkli tay-tuşuna bir şapalaq vurmasın. Səbəb nədir? Heç nə. İçindən gəlir, kefi belə istəyir.

Ölkəmizin məktəblərində hər gün minlərlə bullinq hadisələri baş verir. Yüzdə 99-undan heç valideynlərin də xəbəri olmur. Bullinqə məruz qalan uşaq üst-başını düzəldir, çantasını götürüb gedir dərsini oxumağa.

Biz şagird olanda bullinq haqq-hesabı yox idimi? Demək olar ki, yox idi. Müəyyən elementlər, epizodik cəhdlər olurdu, amma onun axırı bullinq təşəbbüskarının özü üçün şillə-şapalinqlə bitirdi. Çünki dünən məktəbdə yüngülvarı bullinqə məruz qalmış uşağın böyük qardaşı, əmisi, dayısı, nəslindəki qolu qüvvətlinin biri məktəbə gəlir, dərs çıxışında həmin o hozuluq edən gədənin xirtdəyindən yapışıb məktəbin divarına sıxırdı, “qoçusan, əə” deyə soruşurdu. Qorxusundan böyüzm olmuş bullinqçi cavab verə bilmirdi, divara sıxılmanın ikinci dəqiqəsində “qələt eləmişəm”in qastronomik variantını dilə gətirir, canını yüngülvarı dürtmə-qapazla qurtarır və bir daha kiminsə uşağına sataşmırdı.

Allahdan, hər kəsin nəslində böyük əmiuşağı, bibiuşağı vardı. Yoxsa o dövrdə də tərbiyəsiz uşaqların kefindən fağırı qapazlamaq, ələ salmaq, pisikdirmək kimi şeylər keçirdi.

Şəhər yerində belə təbii müdafiə və ya cəzalandırma tədbirləri görmək çətindir. Müdafiəçi qohumların hərəsi şəhərin bir tərəfindədir, hamının da işi-gücü var, kimdir gedib məktəb qabağında hozuluq edən gədələri gözləyən.

Görünür, Sinqapurda bu kimi hadisələr çox yayğınlaşıbmış deyə, axırda dövlət səviyyəsində tədbir görməyə məcbur olublar. Çıxış yolu kimi də ağıla dədə-baba qaydası gəlib: şallaq.

Bizim ölkəmizdə şallağa hörmətin tarixi qədimdir. II dünya müharibəsində kolxoz sədrlərinin şallağı olarmış. Ta hər xırda şeyə görə adamı tutdurub güllələtmirmişlər. Elə olsa, işlətməyə adam qalmazdı. Amma biri yaxşı işləmirmi, dümbülünün üstünə bir şallaq çəkirmişlər, deyirmişlər, sovet hökumətiylə çiling-ağac oynayırsan, sən öləsən, basarıq, gedərsən Sibirə. Şallaq yeyən də şükür edirmiş ki, canını yaxşı qurtardı.

Amerikalı plantatorların şallağı (qırmancı) isə daha uzun və sərt olub. 5-10 metr o tərəfdən vıyıldadırmışlar, yazıq kölənin dərisi qopurmuş. İndi Amerikada demokratiya və insan haqlarından çox danışdıqlarına baxmayın, yaxşı qırmanc oynadan olublar. Elə indi də bir əllərində kökə, o biri əllərində qırmanc var.

Hələ yaxşı ki, sinqapurlu müəllimlər qız uşaqlarını şallaqlamaq fikrində deyillər. Yenə sağ olsunlar. Yoxsa Sinqapur qızları çox zərifdir, bir şallaqlıq canları var.

Ümumdünya Səhiyyə Təşkilatı isə deyir ki, fiziki cəza uşaqların fiziki və əqli sağlamlığına ciddi zərər vurur.

Nə edəsən, şillə-şapalaqsız, şallaqsız olmur. O vaxt 20-ci sahədəki məktəbdə Elinanı incidən uşaqların birinə bircə şallaq çəkilsəydi, o qız sağ qalardı.

İndi elə çıxmasın ki, müəllif şagirdlərin ucdantutma şallaqlanmasını tövsiyə edir. Xeyr. Ancaq məktəbdə hər yetdiyinə şıllaq atan çətin tərbiyə olunan uşaqların necəsə cəzalandırılması şərtdir.

**
Dünya köhnə dünyadır, şallaq vuranları təzədir.

Seçilən
32
musavat.com

1Mənbələr