Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.ǰ
Onun sözlərinə görə, Moskva və Kiyev ABŞ-ın təşəbbüsü ilə atəşkəsə razılıq veriblər. Tramp bildirib ki, razılaşma hərbi əməliyyatların müvəqqəti dayandırılmasını və hər iki tərəfdən 1 000 əsirin mübadiləsini nəzərdə tutur.
ABŞ prezidenti həmçinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən atəşkəs qərarının dəstəkləndiyini vurğulayıb.
“Ümid edirəm ki, bu, uzun və dağıdıcı müharibənin sonunun başlanğıcı olacaq”, – Tramp qeyd edib və tərəflərin münaqişənin nizamlanmasına hər gün daha da yaxınlaşdığını bildirib.
Zelenski Moskvada 9 May paradının keçirilməsi ilə bağlı humanitar tədbirlərə imkan verən fərman imzalayıb. Ukrayna prezidentinin saytında dərc olunan sənədə əsasən, Qırmızı Meydan tədbir müddətində Ukrayna Silahlı Qüvvələrinin mümkün hədəf siyahısından müvəqqəti çıxarılıb.
Fərman imzalandığı andan qüvvəyə minib.