AZ

İsrail və Livan arasında “hərtərəfli sülh sazişi” üzrə danışıqlar aparılacaq

Bakı, 9 may, AZƏRTAC

İsrail və Livan rəsmiləri 14–15 may tarixlərində Vaşinqtonda “hərtərəfli sülh və təhlükəsizlik sazişi”nin hazırlanmasına yönəlmiş ətraflı müzakirələr aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, müzakirələrdə davamlı sülh və təhlükəsizlik, Livanın bütün ərazisi üzərində suverenliyinin tam bərpası, sərhədlərin delimitasiyası, həmçinin Livanda humanitar yardım və yenidənqurma üçün konkret mexanizmlərin yaradılması məsələləri üzrə çərçivə razılaşmasının hazırlanması nəzərdə tutulur.

Piqotun sözlərinə görə, ABŞ hər iki hökumətin bu prosesə sadiqliyini alqışlayır və hesab edir ki, hərtərəfli sülhün əldə olunması Livanda dövlət hakimiyyətinin tam bərpasından, həmçinin “Hizbullah”ın tərksilah edilməsindən asılıdır.

İki tərəf arasında görüşlər ABŞ administrasiyasının fəal dəstəyi ilə Vaşinqtonda keçirilir. 14 apreldə baş tutan məsləhətləşmələrin birinci mərhələsindən sonra Livanda aprelin 17-dən etibarən atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə olunub. Aprelin 23-də keçirilən ikinci mərhələdən sonra isə atəşkəsin üç həftə müddətinə uzadıldığı elan edilib.

Seçilən
36
azertag.az

1Mənbələr