Amerika hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli daha bir gəmiyə zərbə endirib.
"Report"un xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - məlumatda deyilir.
Komandanlığın məlumatına görə, zərbə nəticəsində iki nəfər ölüb, daha bir nəfər sağ qalıb.
Cənub Komandanlığı həmçinin ABŞ-nin Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün məlumat verib.
Qeyd olunur ki, əməliyyat zamanı ABŞ-nin heç bir hərbçisi xəsarət almayıb.
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset ötən ilin noyabrında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Southern Spear" (Cənub nizə) əməliyyatının başlandığını elan edib.