AZ

Qüdrətli və qalib Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


May ayının 10-da xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ili tamam olur. Bu əlamətdar gündə hər birimiz bir daha Ulu Öndəri böyük minnətdarlıqla anır, əziz xatirəsi önündə baş əyirik. Hər il bu tarixdə ölkəmizin hər yerində keçirilən tədbirlərdə Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətləri, Azərbaycanın yüksəlişi naminə həyata keçirdiyi missiya dərin ehtiram və böyük minnətdarlıq hissi ilə xatırlanır.
Azərbaycanın yeni tarixinin 34 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza iki dəfə – həm sovetlər dövründə, həm də Azərbaycanın müstəqilliyi illərində rəhbərlik edib. Və hər iki rəhbərliyi dövründə Ulu Öndər Azərbaycanı çətinliklərdən xilas edib, yüksəliş və intibah yoluna çıxarıb.
Zəngin iqtisadi potensialına və enerji resurslarına baxmayaraq Azərbaycan ötən əsrin 60-cı illərinə qədər bütün sahələrdə keçmiş İttifaqın ən geridə qalmış respublikalarından biri olub. Yalnız Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana rəhbərlik etməyə başlamasından sonra respublikanın sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, Azərbaycan ittifaq miqyasında qabaqcıl respublikalar sırasına yüksəlib. Yeni zavod və fabriklərin istifadəyə verilməsi, xüsusilə neft maşınqayırması, kimya, energetika və elektrotexnika sahələrinin inkişaf etdirilməsi Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirmişdi.
Heydər Əliyevin sovet dövründəki fəaliyyətində milli kadr hazırlığı da xüsusi yer tutub. Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi respublikamızın milli kadr potensialının möhkəmlənməsinə, mühüm vəzifələrdə azərbaycanlıların sayının çoxalmasına böyük töhfələr verib.
Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinə bağlı bir şəxsiyyət idi. Təsadüfi deyil ki, sovet dövlətinin sərt ideoloji siyasətinə baxmayaraq Ulu Öndər sovetlər dövründə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, tariximizin tədqiq edilərək öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün bütün imkanları cəsarətlə səfərbər etmişdi. O dövrdə Azərbaycanın dövlətçilik tarixinə dair kitabların, əsərlərin yazılması, bu əsərləri yazan şair və yazıçıların sovet repressiyasından qorunması sıradan hadisələr deyildi. Bunlar Heydər Əliyevin cəsarətinin və milli amallara bağlılığının nəticəsi idi.
Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev sovet illərində həm Azərbaycana rəhbərlik edən zaman, həm də Moskvada çalışarkən Ermənistanın əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdı. Ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Moskvaya ünvanladıqları müraciətlər məhz Heydər Əliyevin sayəsində nəticəsiz qalmışdı. Təəssüflə qeyd edilməlidir ki, Ulu Öndərin bu qətiyyətli siyasətini sonrakı illərdə respublikamıza rəhbərlik edənlər davam etdirə bilmədilər və Azərbaycan erməni separatizmi və ədalətsiz müharibə ilə üzləşməli oldu.
Müstəqilliyimizin ilk illərində respublikamızda yaranmış dərin böhran zamanı xalqımızın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki dahi şəxsiyyət qeyd etdiyimiz kimi hələ sovet illərində Azərbaycanın yüksəlişini təmin etmişdi. Eyni zamanda, Ulu Öndər 1990-1993-cü illərdə Naxçıvandakı siyasi fəaliyyəti zamanı respublikamızda gedən müstəqillik mübarizəsinə layiqli töhfələr vermiş, Muxtar Respublikanı Ermənistan tərəfindən işğal olunmaq təhlükəsindən xilas etmişdi. Buna görə müstəqilliyimizin ilk illərində yaranmış dərin siyasi və hərbi böhran zamanı xalqımız xilas yolunu öz sınanmış oğlunun siyasi hakimiyyətə dönüşündə görürdü. 1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu Öndərə olan ümumxalq inamının təzahürü idi.
1993-cü ilin iyununda xalqımızın təkidli istək və arzusu ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında özünün növbəti tarixi missiyasını layiqincə yerinə yetirdi. 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, həmin ilin oktyabrın 3-də Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev özünün siyasi dühası və qətiyyəti ilə müstəqilliyimizi qorudu, Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi. Bununla da Heydər Əliyev anti-Azərbaycan dairələrin respublikamızla bağlı bütün planlarını iflasa uğratdı. Ulu Öndər həmin illərdə Azərbaycanı xilas etməklə heç bir siyasətçinin və dövlət adamının həyata keçirə bilməyəcəyi bir vəzifəni uğurla yerinə yetirdi. Bu baxımdan müstəqilliyimizin ilk illərində respublikamızda baş verənlərin fonunda bir daha Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bu dahi insanın qətiyyətini görürük.
Öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdı, mütərəqqi və hüquqi dövlət quruculuğunu həyata keçirdi. Ulu Öndərin reallaşdırdığı iqtisadi və aqrar islahatlar tənəzzülə son qoyaraq Azərbaycanı dayanıqlı və davamlı inkişaf yoluna çıxardı. «Əsrin müqaviləsi»nin imzalanması isə ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirərək Azərbaycanın iqtisadi yüksəlişinə güclü təkan verdi. Bütün bunları təmin edən Ulu Öndər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi, dünya birliyinin ehtiram göstərilən subyektinə çevirdi.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanın daha da inkişaf etməsi, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyevin layiqli siyasi varisi olan cənab İlham Əliyevin bütün bunları həyata keçirəcəyinə inanırdı dahi şəxsiyyət və bu inam onun 2003-cü ilin prezident seçkilərindən əvvəl Azərbaycan xalqına etdiyi müraciətdə də öz əksini tapıb.
«Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» -deyə Heydər Əliyev müraciətində bildirmişdi.
Cənab Prezident İlham Əliyev Heydər Əliyevin layiqli siyasi davamçısı kimi həyata keçirdiyi müdrik siyasətlə həm də Ulu Öndərin arzularını reallığa çevirib. Ötən illər ərzində sürətli inkişaf yolu keçən Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün dünya Azərbaycanı Cənubi Qafqazın aparıcı və lider dövləti kimi qəbul edir. Azərbaycan həm də ABŞ, Çin, Avropa İttifaqı kimi aparıcı siyasi mərkəzlərin strateji tərəfdaşıdır. Avropanın enerji təhlükəsizliyi hazırda böyük ölçüdə Azərbaycandan asılıdır.
Ulu Öndər torpaqlarımızı azad görmək istəyirdi. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını təmin edən, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatçılığına son qoyan Müzəffər Ali Komandan İlham Əliyev bununla Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Vaxtilə işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün düşmüş soydaşlarımız isə mərhələli şəkildə doğma yurdlarına qayıdırlar və azad olunmuş bütün ərazilərimizdə həyat yenidən başlanır.
Heydər Əliyev Azərbaycanı zirvələrdə görmək istəyirdi. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın yüksəlişi və qazandığımız nailiyyətlər Ulu Öndərimizin bütün arzularının real həyata vəsiqə almasının parlaq ifadəsidir. Qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Dövlətimizin hər bir uğuru həm də onu təsdiq edir ki, Heydər Əliyevin siyasi irsi, ideyaları və müəyyən etdiyi inkişaf yolu Azərbaycanın bu gününün və gələcəyinin yeganə istinadgahıdır.




Seçilən
51
1
azadmedia.az

2Mənbələr