Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik də artır.
Publika.az xəbər verir ki, artıq hakim partiya, baş nazir Nikol Paşinyana qarşı təkcə müxalifət, revanşistlər deyil, bəzi ziyalılar, media nümayəndələri də çıxışlar edirlər. Məsələn, "Mamul" nəşrində dərc olunan məqalədə tanınmış araşdırmaçı jurnalist Voskan Sarkisyan qeyd edib ki, ölkəsi yeni xaosa sürüklənə bilər. O, Paşinyanın 2008-ci ildə nəşr etdiyi məşhur kitabını da xatırladıb.
Jurnalist yazıb: "Nikol Paşinyan bəyan edir ki, Qarabağ hərəkatı bizim üçün ölümcül bir səhv idi. O, həmişə belə düşünüb və bu barədə 2008-ci ildə nəşr olunmuş kitabında yazıb. Lakin 2019-cu ilin avqust ayında Xankəndidəki meydanda "Qarabağ Ermənistandır və nöqtə" deyə qışqırdı, Şuşada isə bir qrupla rəqs edərək yallı getdi. Nikol Paşinyan dəfələrlə Ermənistan dövlətinin tarixi məhv mərhələlərindən keçdiyini bildirib. Əgər o, hakimiyyətdə qalarsa, Ermənistan dövləti həqiqətən məhv olacaq. Yaxud da Ermənistandan elə bir şey qalacaq ki, faktiki olaraq o dövlət sayılmayacaq. Baş nazir özü bu məhv prosesində xalqı günahlandıracaq. Çünki onun sözlərinə görə, əgər hökumət səhv edirsə, deməli, bu hökuməti seçən xalq da səhv edib...".