AZ

Çindən rekord ixrac: Qlobal böhrana baxmayaraq kəskin artım

Çinin ixracı 2026-cı ilin aprel ayında illik müqayisədə 14,1 faiz artaraq 359,4 milyard dollara yüksəlib və aylıq rekord səviyyəyə çatıb.

Turkustan.az xəbər verir ki, bu göstərici ABŞ və İsrailin İrana hücumları, həmçinin Tehran rəhbərliyinin cavab addımları fonunda Yaxın Şərqdə artan gərginliyin qlobal iqtisadiyyata təsir etdiyi dövrə təsadüf edib.

Çin Baş Gömrük İdarəsi tərəfindən açıqlanan məlumatlara əsasən, ölkənin idxalı da eyni dövrdə 25,3 faiz artaraq 274,6 milyard dollara çatıb.

Apreldə Çinin xarici ticarət profisiti 84,8 milyard dollar olub. Bu göstərici mart ayında qeydə alınan 51,1 milyard dollarlıq profisitlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazında yaranan fasilələr və Yaxın Şərqdə davam edən müharibə enerji, xammal və nəqliyyat xərclərini artırsa da, Çinin ixrac göstəriciləri ölkə iqtisadiyyatının qlobal dalğalanmalara qarşı dayanıqlığını nümayiş etdirib.

Mart ayında ixrac artımı 2,5 faiz təşkil etdiyi halda, aprel göstəricisi bu rəqəmi xeyli üstələyib. İdxal artımı isə martdakı 27,8 faizdən aşağı olsa da, yüksələn dinamikanı qoruyub.

Enerji və xammal qiymətlərindəki artım idxal göstəricilərinə də təsir edib. Çin aprel ayında 38,4 milyon ton neft idxal edib. Həcm baxımından neft idxalı 20 faiz azalsa da, onun ümumi dəyəri 13,2 faiz artıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
1
turkustan.az

2Mənbələr