Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana gəlmək istədiyini deyib. O, həmçinin sülh prosesinə Azərbaycan vətəndaşlarından da dəstək istəyib.
“Razılaşmaları hökumətlər imzalayır, amma inamı cəmiyyətlər yaradır. Əsl barışıq və dialoq sizin əlinizdədir. Azərbaycan və Ermənistan vətəndaşlarını sülh yolunda bizə dəstək olmağa çağırıram”, - deyə Mirzoyan bildirib.
Qeyd edək ki, Ermənistan rəsmiləri Azərbaycana səfər etmək istəyi ilə bağlı son vaxtlar tez-tez açıqlamalar verirlər. Baş nazir Nikol Paşinyan bir neçə gün öncə Avropa Siyasi Birliyinin 2028-ci ilin may ayında Bakıda keçiriləcək zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib. Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya getməyə hazır olduğunu deyib.
O, dəvət edilərsə, uyğun zamanda Azərbaycana səfər etməyə hazır olduğunu və azərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini qeyd edib.
“Həmkarımı İrəvana səfərə dəvət edirəm”, - deyə Simonyan əlavə edib.
Eyni zamanda, Ararat Mirzoyan Azərbaycana səfər etmək niyyətini ifadə edir. Xarici işlər naziri hansı məqsədlə Azərbaycana gəlməyi arzuladığını deməyib.
Ümumi kontekstdə yanaşdıqda, qarşılıqlı səfərlərin artması Azərbaycan və Ermənistan arasında siyasi etimadın möhkəmləndirilməsinə xidmət edən addımdır. Bu səfərləri hazırkı şəraitdə sülh prosesinin reallaşması baxımından faydalı saymaq olar. Ermənistan və Azərbaycan rəsmilərinin müxtəlif siyasi, iqtisadi məsələləri və onun texniki detallarını müəyyənləşdirmək üçün hər iki ölkənin ərazisində müzakirələr aparması mümkündür. Artıq bu istiqamətdə müəyyən proses də qurulub.
Məsələn, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyası və demarkasiyasına dair müzakirələri üçüncü dövlətin ərazisində və ya əvvəlki kimi sərhəddə deyil, hər iki ölkəyə qarşılıqlı səfərlər həyata keçirməklə aparırlar. Yəni tərəflər sərhəd mübahisəsinin həllinə və sülhə xidmət edən konkret mövzular ətrafında bir araya gəlirlər. Ancaq səfərlərin dövlət başçıları, spikerlər və xarici işlər nazirləri səviyyəsində baş tutması üçün Ermənistan tərəfinin yerinə yetirməli olduğu bir sıra şərtlər var. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Söhbət ilk növbədə, Ermənistan konstitusiyasının preambula hissəsinin ləğvindən gedir.
Mövcud konstitusiya Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən tanınmasına, eləcə də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq qalır. Hazırda Ermənistan yeni konstitusiyanın mətni hazırlanıb və iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra ümumxalq referendumunun olacağı gözlənilir. Əgər yeni konstitusiyanın mətnində Azərbaycana qarşı ərazi iddialarına xitam verilərsə, o zaman bu il yekun sülh müqaviləsinin imzalanacağı gözlənilir. Bundan sonra Azərbaycan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı razılaşmaların əldə olunmasına dair sənədlər imzalana bilər. Sözügedən proses fonunda Azərbaycan və Ermənistan dövlət rəsmilərinin intensiv qarşılıqlı səfərlərinin baş tutmasından danışmaq olar.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.