“Airbnb” 2026-cı ilin birinci rübü üçün maliyyə hesabatını açıqlayarkən süni intellektin (Sİ) şirkət daxilindəki həlledici rolunu vurğulayıb. Şirkətin baş direktoru Brayan Çeski qeyd edib ki, son rübdə mühəndislərin istifadə etdiyi yeni kodların təxminən 60 faizi məhz Sİ alətləri tərəfindən generasiya olunub.
Süni intellekt iş yükünü necə azaldır? “Airbnb” bu texnologiyanı əsasən proqram təminatının yaradılması, müştəri xidmətləri və axtarış alqoritmlərinin təkmilləşdirilməsi istiqamətlərində tətbiq edir. Xüsusilə API tərəfdaşları üçün nəzərdə tutulan yeni funksiyaların hazırlanmasında Sİ şirkətə böyük vaxt qazandırıb. Çeskinin sözlərinə görə, əvvəllər 20 nəfərlik komandanın öhdəsindən gəldiyi tapşırıqları indi cəmi bir mühəndis Sİ agentlərinin köməyi ilə rahatlıqla icra edə bilir.
Müştəri dəstəyində effektivlik artırŞirkət müştəri xidmətləri sahəsində də ciddi irəliləyiş əldə edib. Artıq daxil olan müraciətlərin 40 faizi insan müdaxiləsi olmadan, birbaşa çatbotlar vasitəsilə həll edilir (ilin əvvəlində bu rəqəm 33 faiz idi). Buna baxmayaraq, Brayan Çeski hesab edir ki, süni intellekt hələ səyahət sektoruna tam inteqrasiya olunmayıb. O, mövcud çatbot interfeyslərində bir neçə əsas problemi qeyd edib: həddindən artıq mətnə əsaslanan sistemlər; vizual idarəetmənin zəifliyi; məhsulların müqayisə edilməsinin çətinliyi; kollektiv səyahət planlaması üçün əlverişsiz olması.
“Airbnb” bu çatışmazlıqları aradan qaldıraraq, süni intellekti daha intuitiv və istifadəçi dostu formaya salmağı hədəfləyir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”